Fins.az xəbər verir ki, 2017-ci ilin ilk altı ayı ərzində “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”ndə müəyyən edilmiş tədbirlərin 59 faizinin icrası üzrə işlərə başlanılmışdır.
“İlk peşə-ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”na yeni ixtisaslar əlavə edilməklə və mövcud bir sıra ixtisaslar üzrə hazırlığa başlamaqla, 2016/2017 tədris ili üçün şagird qəbulu həyata keçirilən ixtisasların sayı ötən ildəki 123 ixtisasdan 154-ə yüksəldilmiş, şagird qəbulu prosesinin “ASAN xidmət” mərkəzlərində həyata keçirilməsi nəzərdə tutulmuşdur. İlk peşə-ixtisas təhsili müəssisələrində çalışan ümumtəhsil fənn müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi məqsədi ilə imtahanlar təşkil olunmuşdur.
Təhsil Nazirliyinin tabeliyində olan 109 peşə təhsili müəssisəsinin (cəzaçəkmə müəssisələrində yerləşən və fəaliyyəti dayandırılan 14 müəssisəni çıxmaqla) 90 faizinə, yəni 86 müəssisəyə baxış keçirilmişdir. Rasionallaşdırma və optimallaşdırma çərçivəsində Qəbələ Peşə Məktəbi və Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzi birləşdirilərək, onların bazasında peşə liseyi statusu ilə fəaliyyət göstərən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi yaradılmışdır. Əsasən kənd təsərrüfatı və turizm sahəsində ixtisaslaşmış kadrlara olan tələbatı ödəmək üçün müasir infrastruktur, maddi-texniki baza və tədris resurslarına malik bu Mərkəzin inşası son tamamlanma mərhələsinə daxil olmuşdur. Burada tədris edilməsi məqsədilə donor təşkilatların iştirakı ilə bağçılıq, heyvandarlıq və aqroservis mütəxəssisi ixtisasları üzrə yeni kurikulumlar və müvafiq tədris vəsaitləri tərtib edilmişdir.
İşəgötürənlərlə tərəfdaşlıq mexanizmlərinin qurulması üzrə pilot layihələr həyata keçirilmişdir. İlk peşə-ixtisas təhsili müəssisələrində dövlət buraxılış imtahanlarında komissiya sədrlərinin, əsasən, ilk peşə-ixtisas təhsili müəssisələri ilə əməkdaşlıq edən işəgötürən müəssisələrin nümayəndələrindən ibarət olmasına dair müvafiq əmr imzalanmışdır. Bundan əlavə, Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə Mənzil İnşaatı Dövlət Agentliyi yanında “MİDA” MMC arasında əməkdaşlıq razılaşması bağlanmış, tədris prosesində fərqlənən şagirdlərin istehsalat təcrübəsinin, əməkhaqqı (100 manat) və nahar MİDA tərəfindən təmin edilməklə, iş yerində keçirilməsi təmin edilmişdir. Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə 9 saylı Bakı Peşə Liseyinin bazasında fəaliyyət göstərən “STEP İT Academy” beynəlxalq tədris müəssisəsi ilə əməkdaşlıq müqaviləsi imzalanmış, yüksək akademik göstəricilərə malik şagirdlərin ödənişli qruplarda pulsuz təhsil alması təmin edilmişdir. British Council, Təhsil Nazirliyi və turizm sənayesi (“Abşeron Otellər Qrupu”, “JW Marriott”, “Four Seasons”, “Hyatt Regency”, “Fairmont”, “Hilton”, “Pullman” və “Gilan Turizm”) ilə birlikdə Turizm və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində həyata keçirilən “Şagirdlik təcrübəsi və turizm-xidmət sektoru üzrə iş yerində təlim” pilot layihəsi çərçivəsində “aşpaz”, “oteldə konsiyerj” və “mehmanxanada təsərrüfat işləri üzrə nəzarətçi” ixtisasları üzrə təhsil alan şagirdlərin istehsalat təcrübəsini iş yerlərində keçməsi nəticəsində məzunların 40 faizi Bakı şəhərinin 5 ulduzlu mehmanxanalarında işlə təmin olunmuşdur.
Pilot peşə təhsili və təlimi müəssisələrinə prioritet ixtisaslar üzrə yüksək peşəkarlığa malik istehsalat təlimi ustalarının və pedaqoji heyətin cəlb olunması üçün meyarların hazırlanması prosesinə başlanılmış, bu məqsədlə Gilan Holdinq, “MİDA” və “ABAD”-la danışıqlar prosesinə start verilmişdir.
Əsas problemlər:
Strateji yol xəritəsində müəyyən edilmiş prioritetlərin icrası, o cümlədən işəgötürənlərin peşə təhsili müəssisələri ilə tərəfdaşlığa cəlb edilməsi istiqamətində işlər sürətli şəkildə aparılmır.