Silikon Vadisi, qarajda və ya yataqxana otağında inqilabi ideya yaradaraq şirkət açıb dünyanı dəyişməyə çalışan insanların gəldikləri həmin yerdir. Bu cür hadisə keçən əsrin 70-ci illərində “Apple” və “Microsoft”, 90-cı illərdə “Google” və “Yahoo”, 2000-ci ildən sonra isə “Facebook” kimi şirkətlərlə baş verdi. Lakin bütün bu hadisələr artıq keçmişdə qalıb. Reallığa baxdıqda isə əslində son 10 il ərzində “Google” və “Facebook” kimi müqayisə edilə biləcək böyük bir texnoloji şirkət yaranmayıb. Bunun səbəbi nədədir? 2010-cu ildən başlayaraq dünyada İT sahə üzrə startap çatışmamazlığı var. Təbii ki, insanlar hələ də startap yaratmaqla məşğuldurlar. Lakin sonuncu yaranmış ən uğurlu texnoloji startap, “Facebook” hesab olunur. O isə 13 il bundan öncə istifadəyə verilib. Bir qədər müddət bundan öncə hamı elə hesab edirdi ki, Silikon Vadisinin növbəti texnoloji şirkəti məhz “Uber” olacaq. Lakin onun CEO-su şirkətdən qovuldu, Rusiya Federasiyasında isə şirkət, Yandex Taxi ilə birləşdi. Onun gələcəyi bir qədər şübhə altında qalır. Son 10 il ərzində yaranmış texnoloji startaplar, böyük şirkətlər ilə müqayisə edilə bilməzlər. Airbnb, Uber-dən sonra ABŞ-ın ən bahalı startap hesab olunur və 31 milyard dollar qiymətində dəyərləndirilir. Bu cür göstərici isə “Facebook”un dəyərləndirilməsinin cəmi 7%-dir. Snap, Square vəSlack kimi startaplar isə daha az dəyərləndirməyə sahibdirlər. Burdan belə bir sual yaranır. Nə baş verir? Voxsaytının rəhbəri bu sualı, Silikon Vadisinin startap investorlarına verib. “90-cı illərdə Google və Amazon, bəlkə də özlərini ilk səyahətçilər Kolumb və Vasko da Qama kimi hiss edirdilər. İnternet şirkətlərdən olan ilk nümayəndələr, əl altında olan imkanlardan bəhrələnərək axtarış, sosial şəbəkə və online ticarət kimi sahələri tutmağı bacarmışdılar. Pinterest kimi gecikmiş nümayəndələr isə yerdə qalan artıqlarla kifayətlənməyə məcbur oldular” – deyə “Social Capital” şirkətinin investoru Jay Zaveri bildirib.
Digər top menecer və investorlar bu suala bir qədər fərqli tərzdə cavab veriblər. Müasir texnoloji şirkətlər, bazardakı hegemonluqlarına olan mümkün təhlükələr barəsində xəbərdarlıq məsələsində çox ağıllı oldular. Belə ki, onlar bütün mümkün bazarları tutur və hələ kiçik olduqları vaxtda öz rəqiblərini alırlar. Tənqidçilərin fikrincə həmin böyük şirkətlər həmçinin internet infrastrukturunun idarəolunmasını və onun əsas hissələrini bağlamağı öyrəndilər. Beləliklə işə yenicə başlayan internet şirkətlər üçün bazara çıxışlar bağlanır. Nəticədə internet texnologiyaları sahəsi bir növ monopoliyanı xatırlatdı. Həmin monopoliya sahəsində isə hər şeyi idarə edən böyük şirkətlərdir. Böyük texnoloji şirkətlər mütəmadi olaraq startapları, onların ilkin mərhələsində alırlar. Silikon Vadisində hər bir kəs bilir ki, “Sun Microsystems”, “AOL” və “Yahoo” kimi şirkətlər, texnoloji sahələrdəki böyük dəyişikliklər səbəbindən öldülər. Vençur investoru Phin Barnes-in fikrincə hal hazırki böyük texnoloji şirkətlər, keçmiş şirkətlərin səhvlərini incələmiş və həmin səhvləri təkrarlamaq niyyətində deyillər. Məsələn, “Facebook” üçün ilk sınaq, smartfonların peyda olması idi. İlk vaxtlarda Facebook sadəcə olaraq bir sayt idi və smartfonların inkişaf etməyə başladıqları bir dövrdə mobil tətbiqin olmaması, şirkəti pis vəziyyətdə qoya bilərdi. “Yahoo” şirkəti ilə məhz bu hadisə baş verdi. Lakin, Mark Zuckerberg, smartfonların gələcəyini öncədən görərək Facebook-un mobil versiyasını hazırlamağı əsas məqsədə çevirdi. Bundan əlavə olaraq Zuckerberg, böyük istifadəçi bazası yığan müxtəlif mobil tətbiqləri almağa başlamışdı. 2012-ci ildə o, 1 milyard dollara Instagram-ı aldı. Həmin vaxtda Instagram-da bir neçə insan çalışırdı. Bir neçə ildən sonra isə Mark, WhatsApp-ı 19 milyard dollara aldı.
“Facebook”un CEO-su, “Google” şirkətinin prinsipi ilə çalışırdı. Belə ki, 2006-cı ildə “Google”, YouTube-u 1.65 milyard dollara almışdı. 2005-ci ildə isə “Android” adlı az tanınmış şirkəti aldı. Həmin şirkət isə mobil əməliyyat bazarını ələ keçirtməkdə “Google”a yardımçı oldu. Statistikaya əsasən ən məşhur sosial şəbəkələr siyahısında Facebook-dan sonra WhatsApp və YouTube gəlir. Siyahıdan Çin saytlarını çıxsaq növbəti nümayəndə isə Instagram-dır. Əgər bütün bu şirkətlər öz müstəqilliklərini qoruyub saxlasaydılar, onda onlar asanlıqla “Google” və “Facebook”-a böyük rəqib ola bilərdilər. Lakin bunun yerinə onlar bu iki tenoloji nəhəngin imperiyasının bir hissəsinə çevrildilər. “Amazon” da eynilə bu strategiya üzrə gedir. 2009-cu ildə şirkət, Zappos adlı online mağazanı, 1 ildən sonra isə ABŞ-da gənc valideynlər arasında məşhur olan Diapers.com saytının yaradıcısı Quidsi-ni aldı. Müstəqil texnoloji şirkətlər, sərt rəqabətlə üzləşirlər. Lakin böyük şirkətlərin təkliflərini qəbul etməyən startaplar da var. Məsələn, 2013-cü ildə Snapchat-ın CEO-su Evan Spiegel öz şirkətinin “Facebook” tərəfindən alınması təklifini rədd etmişdi. Həmin vaxtda Mark Zuckerberg ona 3 milyard dollar təklif etmişdi. Bu il isə Spiegel öz şirkətini ilk dəfə olaraq IPO-ya çıxartdı. Cavab olaraq “Facebook”, Snapchat-dakı funksiyalara bənzəyən özəl funksiyalar yaratdı. Məsələn, keçən il Instagram-da Stories bölməsi istifadəyə verildi. Halbuki bu funksiya ilk öncə Snapchat-da yaranmışdı. Nəticədə yarım il ərzində Instagram Stories funksiyasında daha çox insan istifadə etdi nəinki Snapchat-ın özündən. Beləliklə Instagram ilə rəqabət nəticəsində “Snap” şirkətinin səhmlərinin qiyməti aşağı düşməyə başladı.
2012-ci ildə “Yelp” şirkətinin CEO-su Jeremy Stoppelman, “Google” və “Yahoo” ilə birləşmək təkliflərini rədd edərək öz şirkətini IPO-ya çıxartdı. Buna cavab olaraq “Google”, yerli xidmətlər bazarında özünün rəylər servisini yaratdı. Stoppelman-ın fikrincə “Google” öz məhsulunu irəli çəkmək üçün şəbəkədəki hegemonluğundan istifadə edir. “Google, orqanik axtarış nəticələrini idarə etməyə başladı. Yelp-in səhifələri, Google axtarış nəticələrində aşağı yerlərdə əks olunur. Beləliklə şirkət, yeni istifadəçini cəlb etməkdə çətinlik çəkir” – deyə Stoppelman bildirib. Sərt rəqabət qarşısındakı qorxu, böyük şirkətlər ilə birləşmək baxımından müstəqil startaplar üçün əla motivasiya ola bilər. İlk öncə Quidsi, “Amazon”a satılmaq təklifini rədd etmişdi. Həmin vaxtda “Amazon”, uşaq bezlərinə olan qiyməti aşağı salmağı qərara aldı. “Quidsi-nin rəhbərləri, ProcterGamble-ın çatdırılma və topdan satış qiymətlərini incələdilər. Nəticədə onlar başa düşdülər ki, 3 ay ərzində Amazon, qiymətləri aşağı salmaq qərarı nəticəsində 100 milyon dollar zərərə gedəcək. Amazon bu cür itki ilə üzləşməyə hazır idi. Lakin Quidsi üçün bu cür itki yolverilməz idi. Buna görə də 2010-cu ildə Quidsi, Amazon-a satıldı” – deyə “The Everything Store: Jeff Bezos and the Age of Amazon” kitabının müəllifi Brad Stone bildirib. Müasir startaplara, sağ qalmaq üçün daha çox vəsait lazımdır. “Yahoo”, “eBay”, “Google” və “Facebook” kimi klassik İT startaplar kiçik xərclər sayəsində işə başlayaraq bir neçə ilə böyük gəlirlər əldə etməyi bacardılar. “Mark Zuckerberg-də böyük üstünlük var idi. Çünki o, bir çox ideyaları istifadə edirdi və adi insanların, hansısa şirkət yaratmaq istədiklərində keçirtdikləri həyəcandan məhrum idi” – deyə “Floodgate” şirkətinin investoru Mike Maples bildirib.
Zuckerberg, Facebook-u 2004-cü ildə istifadəyə verdi və baxmayaraq ki, ondan milyona yaxın insan istifadə edirdi, saytın daxilindəki özəlliklər ucuz başa gəlirdi. Zuckerberg-in layihəsi tez bir zamanda mənfəət gətirməyə başladı. Facebook böyüyürdü və sayt çox gəlirli olmuşdu. Nəticədə şirkət, külli miqdarda pula sahib oldu. Həmin vəsaitləri isə müxtəlif startapların alınmasına və yeni ideyaların reallaşdırılmasına xərcləmək olardı. Lakin son illərdə vəziyyət dəyişib. İnvestorlar, hakim mövqe tutan böyük texnoloji şirkətlərin mənfəətlərini yaxşı anladılar. Məhz buna görə onlar, bazarı tutmağa çalışan startaplara pul yatırmağa çalışırlar. Maraqlısı bundadır ki, bu cür prinsip hansısa şirkətin bazarda seçilməsinə imkan vermir. Car-sharing bazarında vəziyyət hal hazırda bu cürdür. Uber ilə Lyft, öz aralarında uzun illərdir ki, qiymət müharibəsi aparırlar. Uber-ə bu müharibə bir neçə milyard dollara, Lyft-ə isə bir neçə milyon dollara başa gəldi. Bazarın əsasə oyunçuları, müştəri axtarışında olan startapların yerləşdikləri platformaları mütəmadi olaraq idarə edirlər. “Facebook böyüdü, çünki “mənə elektron poçt ünvanınızı verin və mən sizin dostlarınızı Facebook-a dəvət edim” prinsipi ilə çalışırdı. Facebook öz platformasında bu üsuldan digər nümayəndələrin istifadəsi üçün şərait yaradır mı? Təbii ki, yox. Bu halda vəziyyət tamamilə başqa cürdür: “Girişə görə 4$ ödə və biz sənə istifadəçilər gətirəcəyik. Üstəlik onların vasitəsilə gəlir də əldə edəcəyik”” – deyə Stoppelman bildirib. Beləliklə baxmayaraq ki, indiki vaxtda online servis yaratmaq asandır, potensial müştərilərə öz məhsulunu təqdim etmək üçün şirkətlər milyonlarla dollar vəsaiti reklama xərcləyirlər. Reklam vəsaitlərinin böyük bir hissəsi isə “Facebook” və “Google” şirkətlərinə gedir.
Bütün bu çətinliklər səbəbilə hətta ən innovasiyalı ideyaya sahib startap da müştəri cəlb etmə baxımından çətinliklər yaşayacaq. Cəlbedici online servis yaratma imkanlarının dar olması səbəbilə böyük İT şirkətlər yarana bilmir. Bir neçə ay bundan öncə hamı internetdə, bahalı şirəçıxaran cihaz satışı ilə məşğul olan Juicero adlı startapa gülürdü. Bu cür bahalı məhsula investisiya yatırmış investorların olma faktı, onların, kütləvi bazara hədəflənmiş məhsulu dəstəkləyə bilməmələrindən xəbər verir. Lakin, Snap, Square və Pinterest kimi gənc İT startapları misal götürək. Çətinki onlar “Apple”, “Amazon” və “Google” kimi öz ilkin vaxtlarında böyük innovasiyalı addımlar atsınlar. Bu cür hallar əvvəllər də baş verirdi. Keçən əsrin 50-ci, 60-cı və 70-ci illərdə yarımkeçiricilərsahəsində əsl innovasiya partlayışı yaşanırdı. Lakin sonradan bazar sakitləşdi və onu “Intel”, “Samsung” və “Qualcomm” kimi şirkətlər idarə etməyə başladılar. Silikon Vadisində innovasiyaların yaranmasına son qoyulmadı. Sadəcə olaraq innovasiyalar, mikrosxem sahəsindən digər sahələrə keçid etdilər. 80-ci illərdə proqram təminatı ilə məşğul olmuş “Microsoft”, “Adobe” və “Intuit” kimi şirkətlər yarandı. Onlar indiyənə kimi yaxşı gəlir əldə edirlər və sənayedə startaplar üçün o qədər də çox yer qalmayıb. Çox güman ki, tətbiq və online servis sahəsində də vəziyyət bu cürdür. Müxtəlif növ tətbiqlər yaratmaq olar. Lakin “Google”, “Facebook” və “Snap” kimi şirkətlər, bazarın böyük bir hissəsini tutublar.
Təbii ki, bu o demək deyil ki, biz Silikon Vadisində innovasiyalar görməyəcəyik. Onlar yaranacaqlar. Lakin bizim son 20 ildə gördüyümüz innovasiyalardan tamamilə fərqli tərzdə təqdim olunacaqlar. Misal olaraq “Tesla” şirkətini gətirək. Digər tərəfdən bu, Silikon Vadisinin klassik şirkətlərindən biridir. Onun ofisi Palo-Altoda yerləşir və orda sensor interfeysdən tutmuş avtopilot sistemə kimi müxtəlif funksiyaları hazırlayan proqramçılar çalışırlar. Bir tərəfdən isə “Tesla”, Silikon Vadisinin standart şirkətlərindən fərqlənir. “Apple” öz iPhone cihazlarını Çində istehsal edir, “Tesla”nın isə Kaliforniya ştatında avtomobil zavodu var. Uber ilə Airbnb, avtomobil və evlərə sahib deyillər. “Tesla” isə günəş batareyaları istehsal edən fabrikə milyardlarla dollar vəsait xərcləyir. Beləliklə “Google”, “Facebook” və “Amazon” kimi şirkətlərin hakim mövqe tutmalarına baxmayaraq onların, texnoloji innovasiya nəhəngləri kimi həmişə öz yerlərini qoruyub saxlayacaqları faktı da yoxdur. İnnovasiyalar, gözlənilməz istiqamətdə baş verə bilərlər. Məsələn nəinki mobil tətbiqlər sahəsində, həmçinin elektromobil və çatdırılma ilə məğul olan dronlar sahəsində. Biz, Silikon Vadisini, interneti və innovasiyaları bir-birindən ayrılmayan hissələr kimi qəbul etməyə öyrəşmişik. Lakin innovasiyaların yeni dalğası, bizim onu əvvəllər gördüyümüzdən daha fərqli şəkildə ola bilər.
© Technote