30 Oktyabr

Dollar satmayan bank qalmadı – ARAŞDIRMA

Azərbaycan kommersiya banklarının hamısı artıq dollar satışını və alışını həyata keçirir. Fins.az-ın araşdırmasına görə, bu gündən daha bir neçə bank ABŞ valyutasının satışını limitlə həyata keçirməyə başlayıb. Belə ki, uzun müddətdir valyutanı yalnız öz müştərilərinə satan "Paşa Bank" bu gün satışı bərpa edib. Bank hər bir şəxsə 1000 dollara qədər məbləğdə valyuta satır.
"Naxçıvanbank"ın Bakı filialı da həmçinin neçə müddətdir ki, dollar satışını dayandırmışdı. Hazırda bu bank bir müştəriyə 500 dollaradək məbləğ satır.
Bununla da Azərbaycanda fəaliyyət göstərən 32 bankın hamısında valyuta mübadiləsi apara bilərsiniz.
Onu da qeyd edək ki, "Xalq Bank" dollara limit qoyduğuna baxmayaraq, Avropa valyutasının satışını sərbəst şəkildə həyata keçirir.
Pakistan Milli Bankının Bakı filialı isə hər zaman olduğu kimi 100 dollar limitlə valyuta satışını həyata keçirdiyini bəyan edir. Lakin fFns.az-ın araşdırmasına görə, hazırda kassalarda valyuta olmadığından bu əməliyyatlar da keçirilmir. Bankdan verilən açıqlamaya əsasən, buna səbəb bankda dollar qıtlığının yaranmasıdır. Belə ki, Pakistan Milli Bankının Bakı filialı xarici valyutalı bank olduğu üçün burada bütün əməliyyatlar məhz dollarla həyata keçirilir. Ona görə də bankda dollara tələbat artıb.