30 Oktyabr

Bankdan çıxarılan nağd pulun məbləği risk yaradırsa... – ARAŞDIRMALAR BAŞLAYIB

Yaxın vaxtlarda vergiödəyicilərinin bank hesablarından çıxarılmış vəsaitlərin məbləği, sığorta əməliyyatları, kommunal xidmətlər göstərən təşkilatların fəaliyyəti və digər əlaqəli məlumatlar əldə ediləcək, riskli vergiödəyiciləri müəyyən olunaraq onlarla fərdi qaydada iş aparılacaq.

Bu barədə Vergilər Nazirliyinin vergi qanunvericiliyinin icrasına nəzarət departamentinin baş direktoru Toğrul Quliyev məlumat verib.

Onun sözlərinə görə, vergi sistemində yoxlama və nəzarət tədbirləri risk modelləri əsasında təyin edilir. Yəni müəyyən məlumatlar əsasında riskli vergiödəyiciləri müəyyənləşdirilir və riskin səviyyəsinə uyğun olaraq, nəzarət tədbiri həyata keçirilir. Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, vergiödəyiciləri tərəfindən bank hesablarından nağd şəkildə çıxarılan vəsaitlərdən 1 faiz dərəcəsi ilə vergi tutulur və bu barədə vergi orqanlarına hesabat təqdim edilir. Əgər nağdlaşdırılmış vəsaitin məbləği risk yaradırsa, həmin ödəyicilərin qanunun tələblərinə əməl edib-etməməsini yoxlamaq məqsədilə onların fəaliyyəti xüsusi nəzarətə götürüləcək.

T.Quliyev vurğulayıb ki, qanunla nağd qaydada həyata keçirilməsi məhdudlaşdırılan əməliyyatların nağd qaydada aparılmasına görə malı (işi, xidməti) təqdim edən vergiödəyicisinə qanunvericilik pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə isə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.