30 Oktyabr

Dollar və avronun alışı kəskin azalıb – TƏHLİL

Son 2 ildə nağd xarici valyuta ilə mübadilə əməliyyatlarında alış kəskin azalıb. Fins.az Mərkəzi Banka istinadən xəbər verir ki, azalmalar daha çox dollar və avro ilə əməliyyatlarda nəzərə çarpır. Çünki Azərbaycanın xarici ticarət dövriyyəsində Avropa ölkələri ilə əməliyyatların çəkisi xüsusi yer tutur.

Digər səbəb 2016-cı ildə ölkəyə gətirilən idxal məhsullarının həcminin kəskin azalmasıdır. Mərkəzi Bankın statistikasına əsasən, nağd xarici valyuta ilə mübadilə əməliyyatlarında alışın ən pik səviyyəsi 2014-2015-ci illərdə olub. Belə ki, 2014-cü ildə bu gösrətici 3 milyard 376 milyon dollar təşkil edib. 2015-ci ildə isə 3 milyard 478 milyon dollara qalxıb.

2016-cı ilin 11 ayının nəticələrinə görə, nağd dollarla mübadilə əməliyyatlarında alış 2 milyard 442 milyon dollara düşüb. Maraqlıdır ki, 2016-cı ildə avro ilə əməliyyatlar artaraq 280 milyon avroya çatıb. Aylar üzrə təhlil göstərir ki, nağd dollarla alış əməliyyatları fevral ayında ən yüksək həddə olub - 469 milyon dollar.

Həmin illərdə avro ilə aparılan əməliyyatlarda alışın həcmində isə müəyyən eniş tendensiyası müşahidə olunub. Belə ki, 2014-cü ildə avro ilə aparılan nağd əməliyyatların həcmi 361 milyon 737 min avro təşkil edib. 2015-ci ildə isə bu rəqəm 245 milyon 264 min avroya düşüb.

Göründüyü kimi 2014-2015-ci illərdə dollarla nağd əməliyyatlarda alışın artdığı halda avroda əksinə, azalma baş verib.

Avro ilə nağd alış əməliyyatları da məhz 2016-cı ilin fevralında pik həddə çatıb - 45 milyon avro.

Ticarət dövriyyəsində Azərbaycanın ən yaxın tərəfdaşlarından biri olan Rusiya rublunun alışında azalma baş verib. 2014-cü ildə 12 milyard 514 milyon rublla mübadilə əməliyyatları aparıldığı halda, 2015-ci ildə bu rəqəm 9 milyard 552 milyon rubla düşüb.

2016-cı ilin 11 ayında isə müəyyən qədər artma tendensiyası müşahidə edilib bu rəqəm 10 milyard 526 milyon rubla çatıb.

Alış (min valyuta vahidi)

İl

US $

EURO €

RUR

2014

3376358,3

361737,6

12514466,4

2015

3478205,9

245264,4

9551580,2

2016-cı il, 11 ay

2442226,8

280009,5

10526118,2