30 Oktyabr

Banklar dollar əmanətinə niyə yüksək faiz təklif edir? – ARAŞDIRMA

Son bir neçə ayda Azərbaycanda banklar dollarla sığortalanmayan əmanətlərin qəbuluna başlayıblar. Fins.az-ın məlumatına görə, Azərbaycan bankları arasında 10-a yaxın bank müştərilərə dollarla sığortalanmayan əmanətlər təklif edirlər.

Faizlər 4-13 arasında dəyişir

Bəzi banklar isə hətta daha yüksək faizlə dollar əmanəti cəlb etməyə çalışırlar. Fins.az-ın araşdırmasına görə, banklar arasında dollarla sığortalanmayan əmanətlər üzrə faiz dərəcəsi 4-13 % arasında dəyişir. Müştəri olaraq maraqlandıqda bank əməkdaşları bu kampaniyalar haqqında ağızdolusu danışsalar da, onların qorunmadıqlarını qeyd etmirlər. Yalnız sual verib soruşduqda həmin əmanətlərin qorunmadığını təsdiqləyirlər.

Eləcə də bax: Bankın bağlanacağını nədən bilmək olar? – ƏLAMƏTLƏR

“Dəmirbank”ın 6-7,5% təklifi

Məsələn, “Dəmirbank”dan fins.az-a verilən məlumata görə, müddətin sonunda bir illik dollar depoziti 6%-lə, 2 illik 7%-lə, 3 illik isə 7,5% ilə qəbul edilir. Eyni zamanda, bank yeni il kampaniyası çərçivəsində yanvar ayının sonuna qədər sığortalanan əmanətlərə görə əlavə 2%-dən hədiyyə təklif edir. Amma bunun üçün depozitin həcmi minimum 500 dollar olmalıdır.

“Turan Bank”ın 4-6,5 % təklifi

“Turan Bank” isə sığortalanmayan əmanətlər üzrə faiz dərəcəsi 4-6,5% təşkil edir. Bankdan fins.az-a verilən məlumata görə, minimal əmanət qəbulu 100 dollardır. 6 aylıq əmanətlər üzrə 1,5%, 1 illik 4,5%, 2 illik 5,5% və 3 illik 6,5 % təklif edilir.

“Amrahbank” 7-8% təklif edir

“Amrahbank”da dollar üzrə sığortalanmayan əmanətlər 7-8%-lə qəbul edilir. Bankdan verilən məlumata görə, qorunmayan dollar əmanətləri 1 illik 7,3%, 2 illik 7,6 %, 3 illik isə 8 %-lə qəbul edilir.

“Atabank”dan 13% gəlir

“Atabank” isə minimum 500 dollarla sığortalanmayan əmanətlərə görə 8%-13% gəlir vəd edir. Bankdan fins.az-a verilən məlumata görə, 1 illik depozitlər üzrə gəliri aylıq götürmək şərtilə 8% , rüblük 8,5%, müddətin sonunda isə 9% gəlir təklif edir. 2 illik depozitlər üzrə 10,5 %, 3 illik 11%, 5 illik depozitlər üzrə isə 13% gəlir təklif edilir. Qeyd edək ki, bu , ölkə bankları arasında qorunmayan dollar əmanətləri üzrə ən yüksək faiz dərəcəsidir.

Vurğulamaq istərdik ki, dollar əmanətləri üzrə yüksək faiz dərəcələri böyük gəlir təəssüratı yaratsa da, banklara bu şəkildə depozit yatırmaq təhlükəlidir. Bunu bankirlər və iqtisadçı ekspertlər də təsdiqləyirlər.

Taleh Kazımov: “Reallıqda çox yüksək faiz dərəcələridir”

Bir qədər əvvəl “PAŞA Bank”ın İdarə Heyətinin sədri Taleh Kazımov fins.az-a müsahibəsində bu məsələyə aydın gətirmişdi. O bildirib ki, müştərilər böyük faizlər təklif edən banklara etibar etməməlidirlər: “Bazarda hamıdan yüksək faizləri reklam edən banklar varsa, deməli onların likvidlik problemi yaranıb, ona görə də bahalı vəsait cəlb etmək istəyirlər. Bəzi bankların əmanətlərdə dollarla 9%, manatla 17-19% təklif etmələri bununla bağlıdır. Deyə bilərəm ki, reallıqda çox yüksək faiz dərəcələridir və müştərilər bu təkliflərə yanaşmada çox ehtiyatlı olmalıdırlar”.

“Sığortalanmayan dollar əmanəti yatırmaq risklidir”

İqtisadçı ekspert Samir Əliyev fins.az-a bildirib ki, xaricdən və Mərkəzi Bankdan dollarla vəsait cəlb edə bilməyən banklar diqqəti əmanətlərə yönəldirlər. Yüksək faizlə dollar əmanəti cəlb etməyə çalışırlar. Bu həmin bankların likvidlik probleminin olduğunu göstərir. Manatın bahalaşma perspektivlərinin olmadığı nəzərə alsaq, hazırki şəraitdə bankların həmin vəsaitləri necə qaytaracaqları sual altındadır. Ekspert hesab edir ki, bütün sadalanları nəzərə alaraq hazırda qorunmayan dollar əmanətləri üzrə depozit yerləşdirmək risklidir.

Yüksək faizlə dollar cəlb edən bankdan etiraf: “Bu risklidir”

Maraqlıdır ki, qorunmayan dollar əmanəti təklif edən banklar özləri də bu formada əmanət yerləşdirməyin dolayı yolla riskli olduğunu etiraf edirlər. Məsələn, adı çəkilən banklardan biri özünün qorunmayan əmanətləri üzrə təklif etdiyi faizin daha sərfəli olduğunu, həmin məbləğdən yuxarı dollar əmanəti qəbul edən digər bankların isə kapital problemi olduğunu bildirir: “Yüksək faizlə qorunmayan əmanət cəlb etmək risklidir”.