Azərbaycanda könüllü tibbi sığorta bahalaşıb. Bu barədə fins.az-a tibbi sığorta satışı ilə məşğul olan şirkətlərdən bildirilib. Qeyd edək ki, iqtisadi durğunluq, əhalinin gəlirlərinin azalması, sığortanı pul ayrılacaq ən son ehtiyaca çevirib. Bəzi könüllü növlərdən fərqli olaraq Azərbaycanda könüllü tibbi sığorta bazarı böyüməkdə davam edir. Maliyyə Bazarlarına Nəzarət Palatasının sığorta bazarı ilə bağlı açıqladığı statistikaya əsasən bu ilin yanvar-sentyabr aylarının nəticələrinə əsasən tibbi sığorta üzrə yığımlar 20,5%, ödənişlər isə 21,04% artıb.
8 manatlıq dərman indi 12 manata satılır
Sığorta şirkətləri bunu tibbi sığorta xərclərinin artması ilə əlaqələndirirlər. Belə ki, dolların bahalaşması ilə bağlı son bir ildə dərmanlar 20-30% bahalaşıb. Sığorta ekspertlərinin sözlərinə görə, dərmanların qiymətlərini müəyyən qədər tənzimlənsə də, bu bahalaşmanın qarşısını ala bilməyib. Xüsusilə də, daha çox istifadə edilən antibiotiklər, təzyiq, şəkərli diabet,zob dərmanlarının qiymətlərində xeyli artım müşahidə edilir.
Məsələn, əvvəl qiyməti 6 manat olan mədə-bağırsaq xəstəlikləri dərmanı (Yemoge) indi 8.20 manata satılır. Daha çox istifadə edilən Rocephin antibiotiki 8.20 manatdan 12.05 manata qədər bahalaşıb.
Tibbi xidmətlər 2 dəfəyə kimi bahalaşıb
Bahalaşma təkcə dərmanlarda deyil. Tibbi xidmətlərin də qiymətləri xeyli artıb. Tibbi sığorta ekspertlərinin sözlərinə görə, xəstəxanalarda xidmət haqqları orta hesabla 40%-ə kimi bahalaşıb. Bəzi xidmətlərdə bahalaşma hətta 2 dəfəyə yüksəlib. Məsələn, ötən ilin payız aylarında qripə qarşı vaksinasiya qiyməti 15-18 manat idi. Bunun 5 manatı həkim xidmət haqqı, 10-13 manatı isə tibbi sərflər və klinika xərcləri idi. İndi isə bir vaksinasiya sığorta şirkətinə 32-35 manata başa gəlir.
Eyni vəziyyət tibb sərflər, yəni tibbi iynələr (şprits), cərrahi alətlər və tibbi vasitələrin də qiymətlərində müşahidə edilir. Məsələn, əvvəl yırtıq setkası 60-70 manata satılırdı. İndi qiyməti 110-120 manat olub. Tibbi sığorta ekspertləri labarotoriya analizlərinin də xeyli bahalaşdığını deyirlər. Belə ki, labarotoriya reaktivləri xaricdən dollarla alındığına görə, məzənnədə hər hansı dəyişiklik bu vasitələrin qiymətlərində də dərhal öz əksini tapır. Məsələn, əvvəl bir laboratoriya analizi 6,80 manat idisə, indi 8,50 manata kimi bahalaşıb.
600 manatlıq cərrahiyə əməliyyatı 800 manat olub
Bahalaşma cərrahiyyə əməliyyatlarının xərclərində də əksini tapıb. Tibbi sığorta ekspertləri cərrahiyyə əməliyyatlarının 20-30% arasında bahalaşdığını deyirlər: “Sığortalı müştərilər daha çox öd kisəsi və kista əməliyyatları ilə bağlı müraciət edirlər. Əvvəl öd kisəsi əməliyyatı 600 manata aparılırdı. İndi 800 manata kimi bahalaşıb” .
Tibbi sığorta qiymətləri 20-30% artıb
Bütün bunlar - dərmanların və sadalanan tibbi xidmətlərin bahalaşması tibbi sığorta bazarı üzrə ödənişlərin artması ilə nəticələnib. Ödəniş xərclərinin artması isə öz növbəsində tibbi sığorta tariflərinin yüksəlməsinə səbəb olub. Nəticədə əvvəlki ambulator, stasionar və təcili tibbi xidmətlərinin daxil olduğu standard 5 min manatlıq sığorta paketi 280 manatdan 360-400 manata kimi bahalaşıb. Sığorta şirkətlərindən deyirlər ki, Azərbaycanda könüllü tibbi sığorta müştəriləri əsasən neft-qaz şirkətləridir. Bu və digər şirkətlər işçilərini tibbi sığortalayırlar. İqtisadi durğunluqla əlaqədar olaraq yerli şirkətlər müəyyən maliyyə problemləri ilə bağlı işçilərini sığortalamağı dayandırsalar da, xarici şirkətlər tələblərə əsasən tibbi sığortanı davam etdirirlər. Ona görə, tibbi sığorta müştəriləri nisbətən azalsa da, sığorta haqqlarının artırılması bazar üzrə yığımların da artmasına səbəb olub.