30 Oktyabr

Elektron satışlar icbari avtomobil sığortasında nəyi dəyişəcək? - ARAŞDIRMA

Azərbaycanda avtomobillərin icbari sığortasının elektron satışına başlanacaq. İcbari Sığorta Bürosundan fins.az-a verilən məlumata görə, hazırda elektron müqaviləyə keçidlə bağlı sistemdə texniki işlər görülür. Bu ilin sonuna kimi avtomobillərin icbari sığortasının elektron qaydada satışına başlanacaq. Fins.az-ın məlumatına görə, yeniliyə əsasən, sürücülər avtomobillərini elektron qaydada sığortalamaq üçün elektron imzadan istifadə etməli olacaqlar. Bəs, bu necə baş verəcək?

“2017-ci ilin sonuna qədər hamı icbari sığortanı elektron alacaq”

Sığorta eksperti İlkin İbrahimov fins.az-a bildirib ki, bu il fevral ayının 16-da “İcbari sığortalar haqqında” qanuna edilən dəyişikliklərə görə, bundan sonra icbari sığorta müqavilələri elektron qaydada da bağlanacaq. O qeyd etdi ki, 2020-ci ilə kimi “Elektron Hökumət” layihəsinə keçidlə bağlı bütün işlər yekunlaşdırılmalıdır. İcbari avtomobil sığortasının elektron satışı da həmin layihənin bir hissəsidir. Amma yeniliyin birbaşa tam olaraq həyata keçirilməsi mümkün deyil. Avtomobillərin icbari sığortasının elektron satışlarına keçid mərhələli şəkildə aparılacaq. Məsələ burasındadır ki, artıq elektron imza tətbiq edilsə də, ölkə əhalisinin böyük hissəsi bununla bağlı geniş məlumata malik deyil və onun istifadə qaydalarından xəbərsizdir. Digər tərəfdən elektron qaydada icbari sığorta almaq üçün plastik kartla ödəmə həyata keçirilməlidir. Hazırda ölkəmizdəki bütün sürücülər heç də plastik karta sahib deyil. Ekspert hesab edir ki, bununla bağlı ölkə üzrə icbari avtomobil sığortasının elektron satışlarına tam keçid 2017-ci ilin sonuna qədər ləngiyə bilər.

“Sığorta bazarında haqsız rəqabətə son qoyulacaq”

Avtomobillərin icbari sığortası ilə bağlı elektron satışlar mərhələli şəkildə həyata keçirilsə də, bunun sığorta bazarına müsbət təsirləri olacaq. İ.İbrahimov bildirib ki, əsas təsirlərdən biri kimi sığorta bazarında şirkətlər arasında haqsız rəqabət getdikcə aradan qalxacaq.

Endirim və güzəştlər məsələsinə bir dəfəlik son

Söhbət sığorta bazarında böyük narazılığa səbəb olan endirim və güzəştlərdən gedir. Belə ki, Maliyyə Bazarlarına Nəzarət Palatası icbari avtomobil sığortası ilə bağlı endirim və güzəştləri qadağan edib. Eyni zamanda bu sığorta satışı ilə bağlı saxtakarlıq edənlərə qarşı sanksiyalar tətbiq edir. Amma görülən işlər də hazırda sığorta bazarında qanunsuz endirimlərin qarşısını tam olaraq almaqda yetərli deyil. Avtomobilin icbari sığortasının elektron satışı dərhal olmasa da, zamanla bu problemi aradan qaldıracaq.

“Sığortada da “ucuz ətin şorbasının olmadığını” görəcəklər”

Yəni, sürücü əvvəl yanacaq doldurma məntəqəsində və ya qutabxanada subagent vasitəsilə 10-30 manat endirimlə icbari sığorta alırdı. Avtomobil qəzaya düşəndə isə sığorta şirkəti ya avtomobilə dəyən ziyanı ödəmirdi, ya da sığorta pulunu da kəsirdi. Və ya avtomobillə bağlı məlumatlar sistemdə saxtalaşdırılırdı.Yük maşını sığorta haqqının aşağı olması üçün agent tərəfindən minik maşını kimi qeyd edilirdi. Qəza baş verəndən sonra nəticədə sürücü sığortadan narazı qalırdı. Zamanla sürücülər artıq sığortada da “ucuz ətin şorbasının olmadığını” görəcəklər. Təcrübə sürücüləri avtomobili elektron qaydada sığortalamağa yönələcək.

“Sığorta şirkətləri keyfiyyətli xidmət göstərməyə məcbur olacaq”

Ekspert hesab edir ki, bu digər tərəfdən sığorta şirkətləri üçün SOS olacaq. Yəni, qiymətlə bağlı rəqabət aradan qalxdığı üçün sürücü keyfiyyətə diqqət yetirməyə başlayacaq. Sığorta şirkəti də kefiyyəti artırmağa məcbur olacaq.

“Sığorta məhkəmələri əhəmiyyətli dərəcədə azalacaq”

İ.İbrahimov bildirib ki, sığorta bazarında narahatlıq doğuran məsələlərdən biri də sığorta məhkəmələridir. Sığorta mübahisələrinin böyük hissəsini məhz avtomobillərin icbari sığortası ilə bağlı ödənişdən imtina və ya ödənişin məbləği ilə bağlı olur. Bəzi hallarda sığorta şirkətləri sığorta müqaviləsinin saxta olması və ya müqavilədə avtomobillə bağlı məlumatların saxta olmasını əsas gətirərək ödəniş vermirlər. Elektron icbari sığortanı isə müştəri özü aldığı üçün məlumatları da düzgün daxil edəcək və hər hansı anlaşılmazlıq yaranmayacaq. Bu isə sığorta mübahisələrinin əhəmiyyətli dərəcədə azalmasına təsir edəcək.

“Sığorta agentlərinə tələbat azalacaq”

Ekspertin sözlərinə görə, elektron satışlar sığorta şirkətləri və müştərilərin xeyrinə olsa da, agentlərin satışları xeyli azaldacaq. Belə ki, hazırda bazar üzrə sığorta agentləri satışı avtomobillərin icbari sığortası üzərində qurub. Müştəri icbari sığortanı internet üzərindən alıb ödənişi karla həyata keçirəcəksə, burada agentə ehtiyac qalmır.Amma bu sığorta agentlərinin bazardan tam olaraq çıxması anlamına gəlmir. Belə ki, digər sığorta növlərinin satışı üçün sığorta bazarında agentlərə ehtiyac var.Məsələn, agentlər kasko, tibbi,əmlak və digər sığorta növlərində satışları genişləndirərək icbari sığortada itirdiklərini müəyyən qədər kompensasiya edə biləcəklər.