Ölkə banklarının fəaliyyətini donduran qış devalvasiyasının şaxtası yayda əriməyə başlayıb. Hazırda əksər banklar kreditləşməni bərpa etməyə başlayıb. Xüsusən də manatla kredit verən bankların sayında artım müşahidə olunur.
Aşağıda kredit verən bəzi banklar və onların tələbləri ilə tanış ola bilərsiniz.
Unibank 300-5000 AZN məbləğində 2 il müddətinə manatla kredit verir. Faiz dərəcəsi illik 29%, komissiya haqqı 1% (min. 20 AZN). Kredit götürmək istəyən şəxslərin əmək haqqı 160 manatdan yüksək olmalıdır. Yeni müştərilərdən 1 illik iş təcrübəsi, elektron arayış və ya əmək haqqı kartından son 6 ay üzrə çıxarış tələb olunur. Köhnə müştərilər üçün isə 6 aylıq iş təcrübəsi istənilir. Dövlət sektorunda işləyənlər üçün yazılı arayış kifayət edir. Zamin tələbi yoxdur, amma kredit mütəxəssisi vəziyyəti araşdırdıqdan sonra zamin tələb edə bilər.
Dəmir Bank 500-10000 AZN dəyərində, 2 illik müddətinə kredit təklif edir. İllik faiz dərəcəsi 27-29%, komissiya haqqı 1%-dir. Yeni müştərilərə minimal maaş tələbi 800 AZN-dir. 2000 AZN-dək kreditlər zaminsiz verilir.
Expressbank 300-5000 AZN məbləğində, 12-36 ayadək kredit təklif edir. İllik faiz dərəcəsi 28-30%, komissiya haqqı 2%-dir. Faiz dərəcəsindən, müştərinin digər borc öhdəliklərindən asılı olaraq zamin tələb edilə bilər. Minimal əmək haqqı tələbi yoxdur.
Merkuri Kredit 400-7000 AZN məbləğində, 2 ilə qədər kreditlər təklif edir. Krediti illik 17% və 1% komissiya haqqı ilə əldə edə bilərsiniz. Qızıl girov qoyulmaqla kredit verilir (qızılın 70%-i həcmində). Rus qızılının qramı 30-32 AZN, italyan qızılının qramı isə 40 AZN məbləğində dəyərləndirilir. Kredit dövlət sektorunda çalışan şəxslərə (minimum 6 aylıq iş təcrübəsi) verilir. Girovsuz kreditlərə zamin tələb olunur. Bunun üçün şəxsiyyət vəsiqəsi və iş yerindən arayış zəruridir.
“İnkşaf üçün Maliyyə” BOKT hazırda yalnız biznes kreditləri verir (24 ayadək, effektiv faiz dərəcəsi 17% olmaqla).
Bank of Baku 400-5000 AZN məbləğində, 6-24 ayadək kredit məhsulu təklif edir. Illik faiz dərəcəsi 27%, komissiya haqqı 1%-dir. Kredit məbləği isə 300-5000 AZN təşkil edir.
Manatla kredit verən bankların sayı niyə artır?
“Manatla kreditlərin verilməsi iqtisadi cəhətdən müsbət nəticələr gətirəcək, ölkədə biznes aktivliyi yüksələcək. Lakin bununla belə, dövriyyədə manat kütləsinin çoxalması inflyasiyının və manata təzyiqin artmasına səbəb ola bilər” Bunu fins.az-a açıqlamasında “İnkşaf üçün Maliyyə” BOKT-un direktoru Cəlal Əliyev bildirib.
Cəlal Əliyev manatla kreditləşmənin başlamasına təsir edən əsas səbəblər sırasında bunları qeyd etdi:
- “Kredit faizləri bankın gəlirləri arasından əhəmiyyətli çəkiyə malikdir. Bank olmayan kredit təşkilatlarının (BOKT) isə yeganə gəlir mənbəyidir. Gəlirlilik səviyyəsini artırmaq üçün bank və kredit təşkilatları manatla kreditləşməni bərpa etməlidirlər. Banklar Mərkəzi Bankla “swap” əməliyyatını aparmaqla, dollarla olan vəsaiti qısa müddətə manata dəyişə bilir. Bu da banklara, valyuta üzrə riskləri sığortalamaq imkanı verir. Bank olmayan kredit təşkilatlarının isə Mərkəzi Bankın resurlarına çıxışı yoxdur.
- Dollarla kreditləşməyə tələbat, demək olar ki, olmadığından bank və kredit təşkilatları fəaliyyətini davam etdirmək üçün əvvəl-axır manatla kreditlərin verilməsinə başlamalı idilər. Dolların yaxın aylarda bahalaşma gözləntisi və iki devalvasiya insanların bu valyutada kreditlərə marağını xeyli azaldıb. Dollarla hazırda demək olar ki, yalnız biznes kreditləri təklif olunur.
- Manat kütləsinin bu ilin fevral ayından etibarən artması manatla kreditləşməyə təkan verən amillərdəndir. Həmçinin dövlət büdcəsi təsdiq olunduqdan sonra onun müxtəlif istiqamətlərdə paylanması, dövriyyədə manat kütləsinin artmasına səbəb oldu və beləliklə manat resurslarına çıxış imkanları da artdı. Bu da milli valyutada kreditlərin verilməsinə təkan verdi.
- İyun, iyul və avqust ayları iqtisadi cəhətdən aktiv aylar hesab olunur. İnsanlar bu dövrdə kənd təsərrüfatı məhsullarını bazara çıxarırlar ki, bu da əlavə maliyyələşmə tələb edir.
Manatla kreditləşmə hansı nəticələrə yol açacaq?
Cəlal Əliyev milli valyutada kreditlərin verilməsinin əsas iki mənfi təsirini qeyd edib:
- Dollar və avroya tələbatın artmasına və nəticədə bu valyutaların bahalaşmasına rol oynaya bilər
- Alıcılıq qabiliyyətinin artması ilə inflyasiyaya yol açması
Bəs, banklar niyə manatla kredit verməkdən çəkinirlər?
C. Əliyevin sözlərinə görə,manatla kreditlərin dayandırılması və ya məhdud şəkildə verilməsinin əsas səbəbi bank və kredit təşkilatlarının əsas maliyyələşmə mənbəyinin dollarda olmasıdır.
- Əhali depozitləri banklara əsasən dollarda təklif edir
- Kommersiya kreditlərini böyük hissəsi xaricdən və beynəlxalq maliyyə institutlarından cəlb edilir ki, bunlar da əsasən dollarladır
Həmçinin bankların, xüsusən də bank olmayan kredit təşkilatlarının manat resurslarına çıxışı yüksək olmadığından, onlar valyuta riski götürməkdən ehtiyat edirlər.