Dövlət büdcəsindən ipoteka üçün 200 milyon manat vəsaitin ayrılması Bakıda evlərin qiymətlərində ciddi artıma səbəb olmayacaq, bu təşəbbüs yalnız mənzil bazarındakı ucuzlaşmanı dayandıra bilər. Bu barədə fins.az-a daşınmaz əmlak bazarındakı ekspertlər bildirib. Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında bu ilin sonuna qədər ipotekaya dövlət büdcəsindən əlavə vəsaitin- ən azı 200 milyon manatın ayrılması barədə göstəriş verib. Ekspertlər bildirir ki, satışa çıxarılan mənzillər sayı həddən artıq çox olduğuna görə, bu vəsaitlər bazara ciddi dəyişikliklərə səbəb olmayacaq.
«Bazarda hər alıcıya 50 mənzil düşür»
Azərbaycan Rieltorlar Assosiasiyasının prezidenti Vəfadar Axundovun sözlərinə görə, hazırda daşınmaz əmlak, xüsusən də mənzil bazarında təklif tələbdən xeyli çoxdur, mənzil almaq istəyənlər isə azdır. Mənzil bazarının zəifləməsinin səbəblərindən biri də manatın devalvasiyası olub. Bu addımdan sonra dollar kreditli müştərilərin ödəmələri artdığına görə, bəzi müştərilər problemlərini həll etmək üçün əmlaklarını satışa çıxarıb daha ucuz satmağa üstünlük verirlər.
Bundan başqa, vaxtilə Bakıda külli miqdarda mənzil və ev almış Rusiya və Ukraynada yaşayan azərbaycanlılar da öz ölkələrində üzləşdikləri iqtisadi problemləri həll etmək üçün Bakıdakı evlərini satışa çıxarıblar.
Nəticədə bazarda satışa çıxarılan mənzillərin sayı həddən artıq böyükdür alıcıların sayı isə kəskin azalıb: «Təsəvvür edin ki, indi bazarda hər 1 alıcıya 50-dən artıq mənzil düşür». Vəfadar Axundov bildirir ki, bu vəziyyəti nəzərə alanda büdcədən ipoteka üçün ayrılacaq 200 milyon manat tələbatı tam ödəməyə kifayət etməyəcək: «Bu məbləğə təqribən 2-3 min ev almaq mümkündür. Bazardakı təklif isə qat-qat artıqdır. Ona görə də, mənzillərin qiymətində ıheç bir artım gözləmirəm».
200 milyonluq kredit bazarı silkələyə bilər
“Value and Sources” konsaltinq şirkətinin eksperti Rəşad Əliyev isə bildirir ki,s ümumiyyətlə bu qədər vəsaitin ilin sonunadək mənzil bazarına yatırılacağı asan deyil: «Pul ayrılması azı 1 ay vaxt aparacaq. Üstəlik, ipoteka kreditləri üzrə digər problemlər də var: əmək haqqı üzrə tələblər, bankların ilkin ödənişə tələbi və s. Bu qədər vəsaitin təkrar bazara qısa müddət ərzində, yəni ilin sonuna kimi yönəldilməsinə şübhə edirəm. Çox guman ki, 200 mln manat vəsaitin müəyən məbləğdə qalığı növbəti ilə keçəcək». Bununla yanaşı, ekspert bildirir ki, ipotekaya 200 milyon manat vəsaitin yönəldilməsi bazarda müvəqqəti dəyişiklik yarada bilər: «Təkrar bazarın ucuz mənzil seqmentinin tutumu bu həcmi həzm etmək iqtidarında olsa da, bazarı “silkələyə” bilər».
Amma bunun təsiri ancaq ucuz mənzillərə ola bilər: «Onun fikrincə, bazarda ucuz mənzillərin qiymətinin enmə trendinin qarşısı 100% alınacaq. Bazarın digər seqmentlərə təsiri isə cüzi olacaq».
Ümumiyyətlə, bəzi təhlillərə görə, ilin sonuna kimi 200 mln manatın hamısı yerləşdirilə bilsə, təkrar bazarda mənzillərin qiymətləri ən azı 20% arta bilər. Lakin, hazırda bazarda təklifin tələbdən xeyli çox olduğunu nəzərə alan digər mütəxəssislər isə bahalaşmanın baş verməyəcəyini düşünürlər.