Əhali arasında banklara kredit borclarının bir hissəsinin bağışlanacağı barədə məlumat yayılıb.
Məlumata görə, kredit borcu olanlara 5 min dollar güzəşt ediləcək (Bəzi şaiyələrə görə 3 min dollar). Əhali arasında, sosial şəbəkələrdə 5000 dollara qədər olan kreditlərin tamamilə silinəcəyi, bu məbləğdən yuxarı olan kreditlərin isə 5 min dollar azaldılacağı danışılır.
BU REAL OLA BİLƏR?
İlk növbədə qeyd edək ki, Azərbaycanda kredit qoyuluşları 20 milyard manat civarındadır. Bu kreditlərin 1 milyard 256 milyon manatını vaxtı keçmiş kreditlər, 8 milyard 200 milyon manatı isə ev təsərrüfatlarına verilmiş kreditlər təşkil edir.
Xüsusilə, ev təsərrüfatlarına verilmiş kreditlərin xeyli bir hissəsi 5000 min dollara qədər olan kreditlərdir. Bu məbləğdə kreditin bütün borclulara bağışlanması bankların özünü “intihar etməsi” demək və ya dövlətə böyük yük olar. Nəzərə alsaq ki, kreditlərin də böyük bir hissəsi dollarlaşıb, belə olan halda borcların silinməsi "ağılsızlıq" kimi başa düşülə bilər.
BƏS PROBLEMLİ KREDİTLƏR NECƏ?
Bəs vaxtı keçmiş problemli kreditlər balğışlana bilərmi?
Problemli kreditlərin yığılması ilə məşğul olan “Azkoll” kollektor şirkətinin direktoru Pərviz Məmmədov bildirdi ki, dünyada problemli kreditlərin bağışlanması təcrübəsi barədə eşitməyib:
“Problemli kreditlər bankların balansından çıxardıla bilər. Amma onun uçotu başqa bir hesabatda aparılır. Bu bağışlanma deyil”.
BELƏ BİR ADDIM MƏSULİYYƏTSİZLİYİ ARTIRA BİLƏR
Pərviz Məmmədov qeyd edib ki, kreditlərin bağışlanması böyük məsuliyyətsizlik ilə nəticələnə bilər.
“Əgər uzun müddətdir banka borcunu ödəməyənlərə borcları bağışlanarsa, bu, digər məsuliyyətli borc ödəyənlərin məsuliyyətini azaldacaqdır. Onlar gələcəkdə bir daha borcların bağışlanacağını fikirləşərək borclarını ödəməməyə başlayacaqlar. Digər tərəfdən, belə bir addım kredit borcunu vaxtında ödəyən müştərilər üçün ədalətsizlik olar”.
Pərviz Məmmədov qeyd edib ki, dollar bahalaşdıqdan sonra, əsası olmayan bu cür şaiyələr artıb.
"ANCAQ BELƏ BİR QƏRAR VERİLƏ BİLƏR"
Onun sözlərinə görə, dollar kreditləri ilə bağlı gözlənilən qərar borcların manata konvertasiyası ola bilər:
“Dövlət əhaliyə güzəşt kimi dollardakı kreditləri manata çevirib yarana biləcək itkiləri üzərinə götürə bilər. Belə olan halda vətəndaşlar dolların bir daha bahalşaması nəticəsində borclarının artması riskindən azad olarlar. Bir az bu, mümükün görünür”.
Qeyd edək ki, dollar kreditlərinin manata konvertasiyası bank qanunvericiliyi baxımından çətin görünür. Çünki banklar xarici valyutada olan aktivləri qədər passivlərə də malik olmalıdırlar.
"KİÇİK HƏCMLİ BORCLARIN SİLİNMƏSİ TƏCRÜBƏSİ VAR"
Məsələyə sosial şəbəkədə aydınlıq gətirən ekspert Vüqar Bayramov bildirib ki, kredit borclarının dövlət tərəfindən deyil, ayrı-ayrı bankların özləri tərəfindən silinməsinə ehtiyac var:
“Bir sıra inkişaf etməkdə olan ölkələrdə bankların kiçik həcmli borcların bağışlanması hallarına rast gəlinir".
Vüqar Bayramov qeyd edib ki, dövlət tərəfindən borcların silinməsi həm dövlət üçün əlavə xərc deməkdir, həm də bu proses bankları və kredit borcu olanları məsuliyyətini azalda bilər. Eyni zamanda, bu kredit ödənilməsinə məsuliyyətlə yanaşan borclu ilə həmin pulu məsuliyyətsiz xərcləyən arasında diskriminasiya olacaq.
"Məsələn, təsəvvür edək ki, bir vətəndaşımız kredit götürüb və öz əmək haqqısına qənaət edərək, yumşaq desək, bəzi hallarda "uşağının boğazından kəsərək" həmin krediti vaxtı-vaxtında qaytarıb, digəri isə bankdan borc alib gedib Türkiyədə istirahət edib və sonradan da həmin pulu geri qaytarmayıb. Belə olan halda borcların silinməsi o deməkdir ki, sanki kredit ödənişlərinə məsuliyyətlə yanaşan doğru etməyib, borcla istirahət edən və onu geri ödəməyən düzgün edib. Çünki o krediti məsuliyyətisiz xərclədi, amma onun borcu bağlandı. Əslində isə, doğru edən öhdəliyinə məsuliyyətlə yanaşandır”.
BU AİLƏLƏRƏ GÜZƏŞT EDİLƏ BİLƏR
Onun sözlərinə görə, borcların bağışlanması kredit götürənlərin əksəriyyətində “yenidən borcumu siləcəklər” arxayınçılığı yarada bilər ki, bu da bank sektorunda problemli kreditlərin həcmini kəskin artıra bilər:
“Düşünürəm ki, borcların bağışlanması ümumi şəkildə bütün kreditlərə deyil, fərdi olaraq ayrı-ayrı müqavilələrə tətbiq edilə bilər. Ailənin sosial statusundan asılı olaraq bunun tətbiq edilməsi mümkündür. Məsələn, elə ailə var ki, kredit götürüləndən sonra ailə başçısı dünyasını dəyişib və qəza keçirərək əmək qabiliyyətini itirib. Həmin ailələrə verilən kreditlərin banklar tərəfindən bağışlanması və ya güzəştlərin tətbiq edilməsi olduqca vacibdir. Bu həm də sosial korporativ məsuliyyət prinsipinə uyğundur. Bu baxımdan, bütün kreditlərin deyil, sosial statusundan asılı olaraq bir sıra borcların bağışlanması arzuolunandır”.
Ekspertlər, əhalini bu çağırışlara uymamağa, ödənişləri vaxtlı-vaxtında ödəməyə çağırır.
Mənbə : Marja