Bütün bayramlar ərəfəsində ortaya çıxan əsas sual hədiyyələrlə bağlı olur - Rəhbərə, həmkarlara və tabelikdə olanlara hansı hədiyyəni etmək daha yaxşıdır? İlk baxışdan sadə görünsə də, iş yerində hədiyyə seçəndə müəyyən qaydaları gözləmək lazımdır. Fins.az edu.jobsmarket.ru saytına istinadən işdə hədiyyə qaydalarını təqdim edir.
Ümumi qaydalar
«Simasız» hədiyyələrdən qaçmağa çalışın. Eyni hədiyyəni bütün həmkarlara almaq yaxşı deyil. Sizin hədiyyələrdən başa düşülməlidir ki, onların hər biri konkret bir şəxs üçün hazırlanıb.
Hədiyyənin vaxtına əhəmiyyət vermək lazımdır. Məsələn, həmkarlara Yeni İl hədiyyələrini sonuncu iş günündə təqdim etmək daha çox yerinə düşər. Əgər sizin digər ofislərdə də həmkarlarınız varsa onların hədiyyəsini Yeni il qabağı sonuncu həftə vermək lazımdır.
Hədiyyə təqdimatları iyerarxiyanı əks etdirməlidir. Rəhbərə və ən mühüm həmkarlara ən böyük diqqət göstərilməlidir. Lakin rəisə hədiyyə olaraq bahalı qadset, işçilərə isə şokolad təqdim etmək - bu yaxşı hərəkət deyil. Balansı qorumaq bacarığı yaxşı zövqün əlamətidir.
Yalnız münasib hədiyyələr bəxş edin. Hədiyyə alanı pis vəziyyətdə qoyacaq hədiyyə vermək yolverilməzdir. Məsələn, gəliri az olan həmkarına çox bahalı hədiyyə vermək kimi.
Əgər siz yeməli və içməli hədiyyələr etmək qərarına gəlmisinizsə, əvvəlcədən həmkarlarınızın dini və tibbi nöqteyi-nəzərdən mümkün məhdudiyyətləri barədə məlumat almalısınız. Bu, xüsusilə çoxmillətli kollektivlər üçün vacibdir.
Xarici ofislərdəki həmkarlara hədiyyə göndərərkən, bilməyərəkdən onları incitməmək üçün onların ölkəsinin mədəni ənənələri barədə yaxşı-yaxşı öyrənmək lazımdır. Həmçinin, əmin olmaq lazımdır ki, alan şəxs göndərilmiş hədiyyə üçün vergi, yaxud rüsum ödəməli olmayacaq.
Hamı üçün ən uyğun hədiyyələr
• Şirniyyat. Burada müxtəlif variantlar var- siz kiminlə kabinetdə, kiminlə başqa iş sahəsində görüşürsünüz- bu nəzərə alınmalıdır.
• Kiçik yaşıl bitki və ya gül.
• Dəftərxana malları: Qələmlər, orqanayzerlər, dəftərxana ləvazimatı dəsti- ən münasib iş hədiyyələrindən biridir.
• Fotoşəkillər, rəsm əsərləri, yaxud sadəcə çərçivədə orijinal gözəl bir fotoşəkil.
• Dəri, şüşə, keramika və metal məmulatları. Məsələn, gözəl kiçik vaza və ya orijinal heykəllər.
• Əcnəbi həmkarlara milli koloritli suvenirlər təqdim etmək yerinə düşər.
• Bahalı spirtli içkilər. Bu hədiyyə sanballı, yaşlı kişilər üçün xüsusilə doğru seçimdir.
• Ən yaxşı mağazalardan hədiyyə sertifikatları: Premium səviyyəli parfümeriya, məişət texnikası, məhsulları və sair.
Rəislər necə hədiyyə etməlidir?
Əlbəttə, siz hər bir insana hədiyyə bəxş edə bilməzsiniz - xüsusilə əgər çox iri bölməyə rəhbərlik edirsinizsə. Buna görə də sizin üçün birbaşa daimi işlədiyiniz iş yoldaşlarına- məsələn müavinə və katibə hədiyyələr almaq mümkündür, tabelikdə olan qalan işçilərə ümumi hədiyyə edə bilərsiniz.
• Vestibül üçün bəzəkli yolka.
• Hər bir otağa gül dəstələri və ya kiçik yolkalar.
• Çay üçün ümumi şirniyyat dəsti.
• Şirkətin üzərində bayram rəmzli loqotipi olan kiçik suvenirlərdən istifadə etmək olar.
Tabelikdə olanlar nə hədiyyə etməlidir?
İşgüzar etiketə görə şirkətin əməkdaşları rəhbərə şəxsən hədiyyə verməli deyil- bu iş yoldaşları ilə lazımsız rəqabət yarada bilər və haqqınızda mənfi fikirlər yarada bilər. Yaxşısı budur ki, hamı birlikdə yadda qalan bir hədiyyə alıb birgə təqdim edilsin. Rəhbər üçün hədiyyə yüksək keyfiyyətli olmalı və şəxsi istifadə üçün nəzərdə tutulmalıdır.
Yeri gəlmişkən, əgər hədiyyə verirsinizsə üzərində xatirə yazısı yazın. Əlbəttə, planşetin üzərinə yazmağ qədər şişirtmək lazım deyil, amma məsələn, saatda oyma yazılar tam uyğundur.
Tamamilə yersiz hədiyyələr
• Geyim. Bu siyahıdan qalstuk istisnadır. O, suvenirlər sırasına daxildir.
• Dini simvollarla bağlı istənilən əşyalar.
• Uduşlu hədiyyələr.
• Ətriyyat və kosmetika- bunlar çox intim hədiyyələr sayılır.
• Ev əşyaları. Hətta əgər siz bilirsinizsə ki, sizin həmkarınız yeməklərlə maraqlanır, yenə də məsləhət deyil. O sizin üçün evdar qadın deyil, işgüzar qadındır.
Bu məhdudiyyətlərə riayət etmək lazımdır, hətta əgər siz bir ofisdə yaxınlarınız ilə işləyirsinizsə belə. Onlar üçün şəxsi hədiyyələri təbii ki vermək lazımdır, lakin iş yerində yox.