30 Oktyabr

Təqsirli sürücülərə ödəniş qaydası dəyişib

Azərbaycanda qəza zamanı avtomobilərə sığorta ödənişinin verilməsi ilə bağlı mövcud olan bəzi qeyri-müəyyənliklərə aydınlıq gətirilib. Fins.az-ın məlumatına görə, bununla bağlı «İcbari sığortalar haqqında» qanuna dəyişikliklər edilib.

Belə ki, qanuna edilən 58.3–2 maddəsində deyilir ki, «Fiziki şəxsin həyatına və ya sağlamlığına zərər vurulduğu hallar istisna olmaqla, sığorta hadisəsinin baş verməsində sığorta olunanla yanaşı, üçüncü şəxsin də təqsiri müəyyənləşdirilərsə, vurulmuş zərərə görə sığorta ödənişi üçüncü şəxsin təqsirinin dərəcəsinə mütənasib məbləğdə azalır». Bu o deməkdir ki, hadisədə zərər hər iki dəyən tərəfin də təqsiri olduqda onlara ödənilən sığorta ödənişi məbləği azalacaq.

Belə olan halda yol nəqliyyat hadisəsinin iştirakçılarının hər ikisi həm təqsirkar həm də zərərçəkən olur.

“İkimiz də günahkarıq, amma sığorta ödənişimizi verəcəklər”

Qeyd edək ki, hadisə zamanı təqsirlik dərəcəsinin müəyyən edilməsi və sığorta ödənişlərinin buna uyğunlaşdırılması sığorta bazarı inkişaf etmiş ölkələrdə, o cümlədən qonşu Rusiyada da çoxdan tətbiq edilib. Məqsəd sığorta ödənişlərinin daha ədalətli təyini, sürücüləri yol-hərəkət qaydalarına əməl etməyə həvəsləndirməkdir.

Söhbət hansı hallardan gedir? Adətən avtomobil qəzalarında təqsirkar – yəni qəzanın səbəbkarı bir tərəf olur. Amma bəzi hallarda qəzaya hər iki tərəfin hərəkəti səbəb olur. Məsələn, avtomobillərdən biri (A avtomobili) yolu işıqforun qırmızı işığında keçir, digər avtomobil (B avtomobili) isə qadağan olunmuş formada dönmə əməliyyatı edir və bu iki avtomobil toqquşurlar. Bu halda qəzanın yaranmasında hər iki tərəf təqsirlidirlər.

İndiyədək mövcud olan qaydalara əsasən, belə halda avtomobillərin hər ikisi dəymiş zərər məbləğində sığorta ödənişi alırdılar. Yəni A avtomobili günahkar olduğuna görə, onun mülki məsuliyyətini sığortalamış sığorta şirkəti B avtomobilinə ödəniş edirdi. Öz növbəsində B avtomobili də günahkar olduğuna görə, onun sığortaçısı A avtomobilinə ödəniş edirdi. Bu zaman ödənişlərin məbləği dəyən zərərə əsasən müəyn edilirdi. Yəni avtomobillərə dəyən zərər tam məbləğdə kompensasiya edilirdi.

Təbii ki, icbari sığortalar üçün nəzərdə tutulmuş 5 min manatlıq limit daxilində. Yəni tutaq ki, A avtomobilinə 3000 manat, B avtomobilinə isə 2000 manat zərər dəymişdisə, hər iki avtomobilin sahibləri göstərilən məbəğdə ödəniş alırdılar.

Təqsir 50%-50%-ə bölünür

İndi isə vəziyət dəyişib. «İcbari sığortalar haqqında» qanuna edilən dəyişikliklərə əsasən, hadisədə qarşı hər iki tərəfin də təqsirinin olduğu müəyyənləşərsə, onlara verilən sığorta haqqı ödənişi təqsirin dərəcəsinə mütənasib həddə azaldılır. Bu isə o deməkdir ki, bundan sonra hər iki tərəfin günahkar olduğu qəzalarda tərəflər sığorta ödənişini tam həcmdə ala bilməyəcəklər. Yuxarıdakı misala qayıtsaq, tərəflərin hər biri qəzanın baş verməsində eyni dərəcədə, yəni 50% günahkar olduqlarına görə, onlara verilən sığorta ödənişləri də zərərin 50%-i qədər olacaq. Bu yanaşmaya uyğun olaraq, ödənişin maksimum məbləği indiyədək 5000 manat olduğu halda, bundan sonra 2500 manata enəcək.

Bu dəyişiklik nəyə səbəb olmalıdır? Məsələ bundadır ki, indiyədək mövcud olan qaydalara görə, qəzaya yol verən tərəflər günahkar olduqlarına baxmayaraq sığorta ödənişini tam məbləğdə alırdılar. İndi isə, yeni qaydanın qüvvəyə minməsi ilə əlaqədar olaraq avtomobil sahibi qəzada günahkar olduğu təqdirdə, daha az sığorta ödənişi alacaq. Bu isə sürücüləri daha məsuliyyətli olmağa vadar etməlidir.
Doğrudur, bu qaydanın tətbiq dairəsi elə də böyük deyil. Praktika göstərir ki, tərəflərin hər ikisinin günahkar olduğu hallar hər 100 qəzadan 3-4-də təsadüfy edilir. Amma istənilən halda, sığorta hadisəsinin ədalətli araşdırılması və ödəniş edilməsi baxımından dəyişikliyin böyük əhəmiyəti var.


Təqsirlik dərəcəsini müəyyən etmək asan deyil

Bununla yanaşı, qeyd edək ki, qanuna əsasən, hadisələrin yaranmasında təqsirlik dərəcəsi təkcə 50%/50%-lə ölçülmür. Hadisənin yaranma şəraitindən asılı olaraq tərəflərin günahı digərindən az və ya çox ola bilər. Məsələn hadisədə daha köbud pozuntuya yol verən avtomobil sahibi ilə sadəcə diqqətsizliyə yol verən sürücünün təqsiri eyni dərəcədə deyil.

Azərbaycanda isə hər ikitərəfin günahı olan halda təqsirlik dərəcəsinin tənzimlənməsi mexanizmi yox idi. Belə ki, yol-nəqliyyat hadisələrində «günahın bölünməsi» tətbiq edilmirdi. Hər bir hadisədə, hətta hər iki tərəfin günahı olsa da, «təqsirkar» və «təqsirsiz» tərəf tərəf müəyyənləşdirilirdi. Ödənişi yalnız təqsirkar tərəf alırdı, günahı olan tərəfə isə ümumiyyətlə sığorta ödənişi edilmirdi. Belə halların baş verdiyini Dövlət Yol Polisində də təsdiqləyirlər.

Qurumdan verilən məlumata görə, bəzi hallarda qəzada hərəkət iştirakçılarının hər ikisinin təqsiri olur. Belə sadəcə, daha ciddi pozuntuya yol verən tərəf hadisənin günahkarı kimi qəbul edilir: «Məsələn, tutaq ki, kimsə avtomobili sürücülük vəsiqəsi olmadan idarə edir, amma bu zaman yol hərəkət qaydalarını pozmur. Digəri isə yol hərəkəti qaydalarını pozaraq, məsələn svetaforu qırmızı işıqda keçərək vəsiqəsiz sürücü ilə qəza törədir. Belə olan halda qəzanın təqsirkarı olaraq, yolu qırmızı işıqda keçən tərəf qəbul edilir. Digər sürücü isə yalnız avtomobili vəsiqəsiz idarə etdiyinə görə inzibati məsuliyyətə cəlb edilir». Nəticədə qəza törədən tərəfin sığortaçısı qarşı tərəfə ödəniş etməli olur.

Amma hadisə zamanı tərəflərin təqsirlik dərəcəsi həmişə eyni olmur. Buna görə də, ödənişin daha ədələtli olması üçün təqsirlik dərəcəsinin də dəqiq müəyyən olunması tələb edilir. Bəs qəza zamanı kimin nə dərəcədə təqsirli olması necə müəyyən ediləcək? Azərbaycan qanunvericiliyinə əsasən, qəza hadisələrini araşdıraq qurum olaraq hadisədə tərəflərin təqsirlik dərəcəsini Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi (DYP) müəyyən etməlidir. «İcbari sığortalar haqqında» qanuna dəyişikliklər tətbəq ediləndən sonra formal olaraq DYP bu qərarın icrasına başlamalıdır. Amma hadisə zamanı ərəflərin təqsirlik dərəcəsinin dəqiq müəyyən edilməsi üçün DYP-nin nə zəruri təcrübəsi, nə də əsaslanacağı normativ-hüquqi sənəd var.

Yeni sənəd hazırlanacaq

Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətindən fins.az-a verilən məlumata görə, qanuna dəyişikliklərin təsdiqlənməsi ilə bağlı prezidentin fərmanında bu məsələyə toxunulub. Fərmanla Ədliyyə Nazirliyinə tapşırılıb ki, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu dəyişikliklərə uyğunlaşdırılmasını təmin etsin: «Başqa sözlə, avtomobil qəzaları zamanı tərəflərin təqsirlik dərəcəsinin müəyyən edilməsi ilə bağlı yeni normativ sənədlərin qəbul edilməsi lazımdır».
Bu baş verənə qədər isə qəza hallarında təqsirlik dərəcəsini dəqiq müəyyən etmək mümkün olmayacaq.
DYP-nin nümayəndəsi Kamran Əliyev də fins.az-a bildirib ki, hazırda təqsirin dərəcəsinin müəyyən edilməsi ilə bağlı normativ sənəd mövcud olmadığına görə, bundan sonra da qəzaların araşdırılması zamanı əvvəlki qaydalar əsas götürüləcək: «Təbii ki təqsirlik dərəcəsinin dəqiq müəyyən edilməsi müsbət hal olardı. Amma hələlik Daxili İşlər Nazirliyində bununla bağlı normativ sənəd və ya qaydalar olmadığına görə, təqsirlik dərəcəsinin müəyyən edilməsi mümkün deyil. Ona görə də, belə sənəd qəbul edilib qüvvəyə minənədək qəzaların araşdırılması ilə bağlı əvvəlki yanaşma qüvvədə qalacaq».

Daha ədalətli yanaşma

Amma hətta müvəqqəti hüquqi çətinliklərə baxmayaraq yeni qaydanın tətbiqi qəza hadisələri zamanı ödənişlərin daha ədalətli həyata keçirilməsinə imkan yaradacaq. Belə ki, əvvəla qəza nəticəsində günahkar olub olmamasından asılı olaraq hər iki tərəfə sığorta ödənişi veriləcək. Digər tərəfdən, daha çox günahkar tərəf daha az sığorta ödənişi alacaq. Bu isə ədalətli olmaqla yanaşı, həm də avtomobil sahiblərini daha məsuliyyətli olmağa, yol hərəkəti qaydalarını pozmamağa həvəsləndirəcək. Bu isə öz növbəsində ümumilikdə qəzaların azalmasına və ya onların nəticələrinin yüngülləşməsinə səbəb olacaq.