Bütün dünyada Sevigililər Günü kimi qeyd edilən 14 fevral tarixi Azərbaycanın da ticarət şəbəkələri üçün əlamətdar olub. Fins.az-ın məlumatına görə, əsas kosmetika ticarəti şəbəkələri həmin gün satışların kəskin artdığını bildirirlər.
Hədiyyələrin qiymət 50 manatdan aşağı olub
Ölkənin ən geniş və populyar kosmetika mağazaları şəbəkəsi olan «Sabina Parfumery Cosmetics» şirkətindən verilən məlumata görə, fevralın 14-də satışlar digər günlərə nisbətən təqribən 20% yüksək olub. Şəbəkədə qeyd edilib ki, həmin gün hədiyyə kimi ən çox satılan məhsul parfümlər olub. Bununla yanaşı, hədiyyələrin əksəriyyətinin qiyməti 50 manatdan aşağı olub. Maraqlıdır ki, şəbəkənin özünün təqdim etdiyi 50 AZN-lik hədiyyə kartlarına tələbat böyük olmayıb. Səbəbi müştərilərin hədiyyə almaq üçün daha kiçik büdcə sərf etməsi göstərilir.
Digər parfumeriya şirkəti olan «La Parfumeri» mağazarında isə fevralın 14-də satışların adi günlərə nisbətən cüzi artdığını bildirirlər. Burada da hədiyyə kimi satılan məhsulların 99%-i ətirlər olub. Hədiyyə kartlarına isə tələbat böyük olmayıb.
Gül buketləri dəbdə deyil
Parfümlərdən fərqli olaraq güllər Sevgililər Güni münasibətilə verilən hədiyələr arasında o qədər də populyar olmayıb. Hər halda gül mağazaları fevralın 14-də satış həcminin adi günlərə nisbətən ciddi fərqlənmədiyini bildirirlər.
Valentin tədricən gözdən düşür?
Bununla yanaşı, ticarət şəbəkələrində bildirirlər ki, ümumiyyətlə bu ilki Sevigililər Günü kütləviliyinə və satışların həcminə görə, ötən illərə nisbətən xeyli sönük keçib. «Sabina Parfumery Cosmetics»də bildirilir ki, ötən illə müqayisədə bu il fevralın 14-də sevgilisinə hədiyyə alanların sayı təqribən 50% azalıb. Şəbəkədə buna səbəb kimi, inflyasiyanı misal göstəriblər.
«La Parfumeri» mağazasında da əvvəlki illərə nisbətən 14 fevral tarixində satışların xeyri zəif olduğu bildirilir.
Gül mağazalarında da eyni vəziyyət yaranıb. «Ağ çiçəyim gül və hədiyyələr mağazasindan verilən məlumata görə, bu ilki Sevgililər Günündə gül almaq üçün edilən müraciətlərin sayı əvvəlki illərə nisbətən azalıb. «Bİr Cenub Şəhərində» gül magazasında da bildirilir ki, fevralın 14-də sevgilisinə gül almaq üçün müraciət edənlərin sayinda kəskin azalma baş verib.
Yeni Sevgililər Günü lazımdır?
Bu vəziyyətin fonunda ticarət şəbəkələrindən bəziləri ölkədə Sevgililər Gününün 30 iyun tarixində qeyd edilməsi ilə bağlı təklifləri maraqla qarşılayıblar. Şəbəkələrdən fins.az-a bunun səbəbini yay fəslində kosmetika və parfümlərə tələbatın aşağı olması ilə izah ediblər. Ticarət nümaynədələri bildirir ki, yay fəslində müştəri müraciətləri nisbətən az olduğuna görə, ilin bu dövründə stimullaşdırıcı aksiyalara ehtiyac var. Bu aksiyalardan biri isə 30 iyun Sevgililər Günü ola bilər. Sevgililər Gününün yayda qeyd edilməsi kosmetika və parfüm məhsullarının satışını stimullaşdıra bilər.