Manatın məzənnəsinin dəyişməsi bütün sahələrdə olduğu kimi, ölkənin daşınmaz əmlak sektoruna da təsirini göstərib. Amma bu təsir təkcə evlərin və obyktlərin qiymətində hiss olunmayıb. Alıcıların əmlak bazarına münasibəti də dəyişib. Valyuta məzənnələrinin dəyişməsindən narahat olan şəxslərin bir hissəsi pullarını qorumaq üçün vəsaitlərini əmlak bazarına – mənzil, ev və obyektlərə yatırmağa başlayıb. Amma bu zaman elə əmlak seçmək tələb olunur ki, onu dərhal pula çevirmək mümkün olsun, yəni asanlıqla satılsın.
Ev alqı-satqısı ilə məşğul olanların fins.az-a verdiyi məlumata görə, bazarda bahalı “novostroyka”ların təklifi çoxalsa da, köhnə binalardaklı mənzillərə tələb artır. Bunun əsas səbəbi həmin mənzillərin daha tez satılmasıdır.
Metroların ətrafı daha cəlbedicidir
Bakının elə əraziləri var ki, oradakı mənzillər digərlərinə nisbətən daha asanlıqla satılır. “New Europe” daşınmaz əmlak agentliyindən aldığımız məlumata görə, bura «Xətai» metrostansiyasının və Ali Məhkəmənin, Nəsimi bazarının ətrafı, «Elmlər Akademiyası», «İnşaatçılar», «Qara Qarayev», «Əhmədli» metrostansiyalarının yaxınlığı, Mətbuat prospekti, “Dostluq” kinoteatrının ətraflında yerləşən evlər aiddir. Həmçinin, 8-ci və 9-cu mkr-ların mərkəzi hissələrində yerləşən mənzillər daha tez satılır.
1-2 otaqlı mənzilər dərhal satılır
Rieltorlar bildirir ki, alıcılar arasında ən çox tələbat 1-2 otaqlı mənzillərədir: «3 otaqlı mənzillərlə maraqlananlar da çoxdur, amma 1-2 otaqlı mənzillərin satışı baha tez baş tutur». Son vaxtlar isə 1 otaqlılara tələbat artıb.
Alıcılar «Leninqrad» layihəsini bəyənir
Paytaxtda ən çox satılan mənzillərin layihələri də məlumdur. İstisnasız olaraq bütün rieltorlar bildirir ki, Leninqrad layihəli binalardakı mənzilləri almaq istəyənlər daha çoxdur. Alıcı marağına görə, sonrakı yerləri «Stalinka» «Eskperimental, «Xruşşovka» layihəli binalardakı mənzillər tutur.
Sərfəli mərtəbələr
Mənzillərin sürətlə satılması təkcə onun yerləşdiyi ərazidən deyil, həm də mərtəbəsindən asılıdır. Rieltorlar bildirir ki, köhnə binalarda ən böyük tələbat 2-ci və 3-cü mərtəbələrdə yerləşən mənzillərədir. Satışa çıxarılanda da belə mənzillər daha tez satılır. Yeni hündürmərtəbəli binalarda isə yaxşı mənzərəsi olan 10-cu və daha yuxarı mərtəbələrdəki mənzillər daha tez satılır. Ən zəif satılan mənzillər isə həm yeni, həm də köhnə binalarda 1-ci və sonuncu mərtəbədə yerləşənlərdir.
Köhnə binalara tələb “novostroyka”lardan çoxdur
Satıcılar bildirir ki, yeni binalardakı mənzillərin cəlbedici görünüşlərinə, geniş və işıqlı otaqlarına və müasir dizaynına baxmayaraq, alıcılar arasında köhnə binalardakı mənzillərə tələbat daha böyükdər, nəticədə satışa çıxarılanda da belə mənzillir daha tez satmaq mümkün olur.
Yeni binalardakı mənzillər kvadrat hesabı ilə köhnə binalrdakından ucuz başa gəlsə də, alıcılar köhnə binaları daha keyfiyyətli və təmirə az xərc tələb olunan mənzillər sayırlar. Nəticədə köhnə binalara tələb “novostroyka”lardan çoxdur.
Yeni binalarda isə tam kommunal xidmətlə əhatə olunan, o cümlədən təbii qazla təmin olunan binalara üstünlük verilir: «Yeni tikili axtaran alıcıların əsas tələblərindən biri binanın qazla təmin olunmasıdır».
Əksəriyyət 100 min manata qədər qiymətli evlər axtarır
Mənzillərin satışı onların qiymətlərindən də asılıdır. Rieltorlar bildirir ki, alıcıların əksəriyyəti qiyməti 100 min manatdan aşağı olan variantlara maraq göstərir. Ən yaxşı satılan mənzillər isə qiymətləri 70-80 min manat aralığında, sahəsi isə 60-90 kvadratmetr aralığında olanlardır.
Elçin Bayramlı
Fins.az