Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının Daşaltı Dövlət Təbiət Yasaqlığının fəaliyyətinin bərpa edilməsi haqqında" 08 iyun 2024-cü il tarixli, 360 s nömrəli sərəncamı ilə Daşaltı Dövlət Təbiət Yasaqlığının fəaliyyəti bərpa edilib. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 21 avqust 2024-cü il tarixli, 4/01 nömrəli Qərarı ilə isə Azərbaycan Respublikasının Daşaltı Dövlət Təbiət Yasaqlığı haqqında Əsasnamə təsdiq edilib. Yasaqlığın sanitariya-mühafizə zonasının xəritəsi müvafiq dövlət qurumları ilə razılaşdırılıb və təsdiq edilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilib.
Fins.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev Xankəndi şəhərində keçirilən ekoloji məsələlər üzrə işçi qrupun iclasında deyib.
F.Əliyev bildirib ki, Arazboyu Dövlət Təbiət Yasaqlığının xəritəsi hazırlanaraq münasibət bildirilməsi üçün cari ildə müvafiq dövlət qurumlarına göndərilməsi nəzərdə tutulub.
"Bununla yanaşı, işğaldan azad edilmiş Şuşa (6043,7 ha), Xocalı (24824,4 ha), Ağdərə (46606,7 ha) və Kəlbəcər (15181,4 ha) rayonlarının inzibati ərazilərinin bir hissəsini əhatə etməklə ümumi sahəsi 92 min 656,2 ha olan yeni milli parkın yaradılması nəzərdən keçirilir. Bununla bağlı aidiyyəti dövlət qurumları ilə ərazilərə baxış və qiymətləndirmə işlərinə başlanılıb.
Qeyd olunan əraziləri əhatə edən yeni milli parkın ilkin xəritəsi hazırlanıb və yaşayış məntəqələrinin yerləşməsi nəzərə alınmaqla xəritəyə münasibət bildirilməsi üçün Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilib."