Özünüməşğulluq proqramı gələn ildən etibarən ümumilikdə 100 min ailəni əhatə edəcək. Dünyada özünüməşğulluq layihəsi, əgər son iki il ərzində iştirakçıların 50%-i üzərində nəticə əldə edilibsə, baş tutmuş hesab olunur. Azərbaycanda isə bu göstərici 80%-in üzərindədir.
Fins.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bu gün keçirilən iclasda bildirib.
M.Quliyev qeyd edib ki, 100 min nəfərin iştirak etdiyi bir layihədə 1% səhv olsa, bu, 1000 nəfərə təsir edir. Həmçinin, şikayətlərin hamısının araşdırıldığını və faktların video çəkilişlərlə sənədləşdirildiyini bildirib. Əgər əldə fakt varsa, həmin məsələlərin araşdırılmasına başlanacağını vurğulayıb.
Komitə sədri əlavə edib ki, böyük bir tribunadan qüsurların olduğunu bəyan etmək, lakin arxasında fakt olmadan bunu etmək qeyri-ciddi, qeyri-peşəkar və siyasi baxımdan kamil olmayan yanaşmadır.