QARABAĞ

25 Noyabr

İşğaldan azad edilmiş ərazilərdə 4300 yeni iş yerinin yaradılması planlaşdırılır

İqtisadiyyat naziri Mikayıl Cabbarov, 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı işğaldan azad edilmiş ərazilərdə iqtisadi aktivliyin dəstəklənməsi məqsədilə güzəştlərin tətbiqinə başlanıldığını bildirib. Bu çərçivədə, 3 milyon manatdan çox vergi və rüsumlardan azadolma həyata keçirilib, kommunal xidmətlərdən istifadəyə görə maliyyə yardımları sahibkarlara bank hesabları vasitəsilə köçürülür. Sosial sığorta haqları və kredit faizləri subsidiyalaşdırılır, həmçinin kredit zəmanət mexanizmi işə salınıb.

Fins.az, nazirin açıqlamalarına iustinadən xəbər verir ki, cari ildə dövlət əmlakının özəlləşdirilməsindən büdcəyə 108 milyon manat daxil olub. Dövlət müəssisələrinin sağlamlaşdırılması və özəl investisiyaların cəlb edilməsi istiqamətində işlər davam etdirilir. Özəlləşdirmə ilə bağlı yeni qanun layihəsi hazırlanıb və müvafiq orqanlara təqdim olunub.

İşğaldan azad edilmiş ərazilərdəki iqtisadi zonalarda 46 müəssisə fəaliyyətə başlayıb. “Ağdam” və “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parklarında 232 milyon dollar investisiya yatırılması və 4300-dən çox yeni iş yerinin yaradılması planlaşdırılır.
 

Zemfira Ms
Fins.az