QARABAĞ

13 Sentyabr

Şərqi Zəngəzurda iqtisadi rayonunda vergi monitorinqi keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşları, Şərqi Zəngəzur iqtisadi rayonunda fəaliyyət göstərən vergi ödəyicilərinin monitorinqini həyata keçirib.

Fins.az-ın məlumatına görə, bu barədə Şərqi Zəngəzur Ərazi Vergilər İdarəsinin rəisi Çingiz Quliyev məlumat verib.

Monitorinqin əsas məqsədi, sahibkarlıq subyektlərinin vergi orqanında qeydiyyatda olmalarının qiymətləndirilməsi və bu zəruri məqamın, onlara təklif edilən vergi güzəştlərindən yararlanmağa şərait yaradılmasıdır.

İdarə Zəngilan rayonunun Ağalı kəndində, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarında sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə görüş keçirib. Görüşdə, müxtəlif sahələrdə (ticarət, istehsal, xidmət və s.) fəaliyyət göstərən 30-dan çox mikro və kiçik sahibkarlıq subyektinin iştirak etdiyi qeyd edilib.

Görüşdə vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçotu ilə bağlı məsələlər, təsərrüfat subyektlərinin (obyektlərinin) və uçot vahidlərinin (NKA, POS-terminal və s.) uçotuna dair tələblər, vergi ödəyicilərinə göstərilən xidmətlər və işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan vergitutmanın xüsusiyyətləri barədə məlumat verilib. Sahibkarların vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı sahəsində rastlaşdıqları çətinliklər də dinlənilib.

Tədbirdə çıxış edən Qarabağ Ərazi Vergilər Baş İdarəsinin rəisi Ələkbər Məmmədov, işğaldan azad olunmuş ərazilərdə sahibkarlığın inkişafı istiqamətində dövlət tərəfindən atılan addımlar, tətbiq edilən güzəştlər, zəruri tələblər və qaydalar, həmçinin sosial sığorta subsidiyalaşdırılması və kommunal xidmətlər üçün təqdim olunan güzəştlər barədə ətraflı məlumat verib. Məmmədovun sözlərinə görə, bu ərazilərdə tətbiq edilən xüsusi yanaşma, sahibkarlığın inkişafına yönəlmiş dəstək mexanizmləri, insanların və işçi qüvvəsinin cəlb olunması, infrastrukturun böyüməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Fuad Mədətov
Fins.az