QARABAĞ

04 Noyabr

Qarabağ və Şərqi Zəngəzur təbii ehtiyatlar atlası və iqtisadi rayonlar xəritəsi tərtib olunub

İşğaldan azad olunmuş ərazilərdə 8 şəhər, 23 kənd və qəsəbə üzrə, həmçinin Zəngilan və Füzuli Beynəlxalq Hava Limanları, park əraziləri də daxil olmaqla 50 000 hektar ərazidə yüksək dəqiqlikli topogeodeziya və kartoqrafiya işləri yerinə yetirilib. Müxtəlif miqyaslı topoxəritələr və “Elektron su xəritəsi” hazırlanmış, Qarabağ və Şərqi Zəngəzur təbii ehtiyatlar atlası və iqtisadi rayonlar xəritəsi tərtib olunub.

Fins.az-ın məlumatına görə, bunu Milli Məclisdə “Mina Təhlükəsi ilə Mübarizə - partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda ictimai dinləmədə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.

Nazir bildirib ki, işğaldan azad edilmiş ərazilərdə bərk tullantıların müasir tələblərə uyğun idarə olunması üçün geniş infrastruktur şəbəkəsi yaradılır:

“Rayonlar üzrə poliqon əraziləri müəyyən edilmiş, bu ərazilər mina və partlamamış hərbi sursatlardan təmizlənib. Yaşayış məntəqələrinin bərpası zamanı tikinti tullantılarının dayanıqlı şəkildə idarə olunması işlərinə start verilmişdir. Artıq Ağdam və Cəbraıl rayonlarında tikinti tullantılarının emal olunaraq təkrar istifadə edilməsi məqsədilə avadanlıq alınaraq ərazidə yerləşdirilib və bu işlərə başlanılıb. 1 noyabr 2023-cü il tarixinədək 20 min tona yaxın belə tullantı emal edilib.

Təəssüf ki, törədilmiş ekoloji terror nəticəsində Qarabağ və Şərqi Zəngəzur regionunda iri miqyaslı zərər görmüş təbiət, mina və partlamamış hərbi sursatların mövcudluğu baxımından növbəti fəsadlarla qarşılaşır. Belə ki, mina təhlükəsi ilə əlaqədar ekosistemin bərpası istiqamətində tədbirləri istədiyimiz sürətlə apara bilmirik”.

Fuad Mədətov
Fins.az