QARABAĞ

17 Oktyabr

Bal yarmarkasında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarından 3 tona yaxın bal satışa çıxarılıb

Arıçılar yarmarkaya ən çox çiçək balı gətiriblər.

Fins.az xəbər verir ki, arıçılıq məhsullarının 23-cü Respublika Sərgi-Satış Yarmarkasına fermerlər tərəfindən ən çox çiçək və cökə balı satışa çıxarılıb. Azərbaycanın bütün iqtisadi rayonlarını təmsil edən 250 arıçı tərəfindən satışa ümumilikdə 57,6 ton çiçək və 20,5 ton cökə balı gətirilib. Çiçək və cökə balları yarmarka dövründə satışa təqdim olunan arıçılıq məhsullarının 80%-ni təşkil edir.

Bundan başqa, arıçı fermerlər satışa 2,9 ton qaratikan balı, 2,7 ton may balı, 3,6 ton meşə balı, 705 kq dağ balı, 120 kq biyan balı çıxarıblar. Yarmarkadan, həmçinin çəmən balı, şabalıd balı, mum, propolis, çiçək tozu, güləm, podmor, propolis cövhəri, arı südü, arıçılıq məhsullarından hazırlanan kosmetik vasitələr əldə etmək olar.

Ümumilikdə yarmarkaya 95 tondan çox arıçılıq məhsulları çıxarılıb. Satışa çıxarılan məhsulların 3 tona qədəri Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşür.

Qeyd edək ki, arıçılıq məhsullarının 23-cü Respublika Sərgi-Satış yarmarkası 22 oktyabr 19:00-dək davam edəcək.

Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ünvanında (“Gənclik” metro stansiyasının yaxınlığı) keçirilən yarmarkanın təşkilatçıları Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Arıçılar Assosiasiyasıdır.