QARABAĞ

11 Yanvar

İşğaldan azad olunmuş ərazilərdə işləyən mütəxəssislərə bəzi güzəştlər nəzərdə tutulub

Əmək Məcəlləsinə dəyişikliklərdə “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində işləyən mütəxəssis” anlayışı əlavə edilib.

Fins.Az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bu sözləri DVX-nin idarə rəisi Nigar Vahabzadə deyib.

Bildirilib ki, həmin ərazilərdə işləyən mütəxəssis – peşə, orta ixtisas və ali təhsil haqqında dövlət sənədi və son 60 ay ərzində ən azı 24 ay əmək stajı olan və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək müqaviləsi (kontraktı) əsasında işləyən şəxsdir.

Həmçinin, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əmək müqaviləsi bağladıqları işəgötürən (o cümlədən hüquqi şəxs olduqda onun Vergi Məcəlləsinin 33.2-ci maddəsinə uyğun olaraq vergi uçotuna alınmış filialı, nümayəndəliyi) işğaldan azad edilmiş ərazilərdə vergi uçotunda olduqda, əmək müqaviləsi üzrə iş yeri və həmin ərazilərdə məskunlaşdıqda Vergi Məcəlləsində və Azərbaycan Respublikasının digər qanunlarında nəzərdə tutulan güzəştlərdən və imtiyazlardan istifadə etmək hüququna malikdirlər. Qeyd olunan şərtlərin hamısının birgə mövcudluğu mütləqdir: “Bunlarla yanaşı, işğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssislərə əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 5 təqvim günü müddətində əlavə məzuniyyət verilməsi nəzərdə tutulur.

Qanunvericilikdə dəyişikliklər işğaldan azad edilmiş ərazilərin milli iqtisadiyyata sürətli inteqrasiyasına, orada vətəndaşlara layiqli yaşayış şəraitinin yaradılması istiqamətində görüləcək işlərə böyük töhfə verəcək”,-deyə N.Vahabzadə vurğulayıb.