QARABAĞ

12 Oktyabr

“Bild” Gəncədən yazıb: Atəşkəsin ilk günü qətliama çevrildi

Almaniyanın nüfuzlu “Bild” nəşrində Ermənistanın Gəncəyə raket hücumu ilə bağlı məqalə dərc olunub.

Fins.az xəbər verir ki, alman hərbi ekspert Fabian Hintsin dəyərləndirmələrinin də əks olunduğu yazıda zərbənin məhz Ermənistan ərazisindən gerçəkləşdirildiyi vurğulanıb.

Qeyd olunub ki, Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə gecə 2 radələrində şəhərin şimal-şərqində güclü bir partlayış səsi eşidilib və şahidlərin verdiyi məlumata görə, nəhəng bir toz-duman qatı havaya qalxıb.

“Səhər faciənin bütün mənzərəsi ortaya çıxdı. Evlərin yerləşdiyi sahədə nəhəng bir yarğan əmələ gəldi. Partlayış nəticəsində 9 mülki şəxs öldü və çoxlu sayda uşaq da daxil olmaqla, onlarla insan yaralandı”, - yazıda qeyd olunub.

Hərbi ekspertin fikrincə, bu miqyasda dağıntı yalnız ballistik raket zərbəsi nəticəsində yarana bilər.

“F.Hints üçün aydındır: Cəbhədən onlarla kilometr aralıda olan şəhərə edilmiş hücumun arxasında Ermənistan durur”, - məqalədə vurğulanıb.

Ekspert əmindir ki, hücum “S-CAD” və ya “Toçka-U” raketindən istifadə edilməklə törədilib ki, bunların da hər ikisi Ermənistanın arsenalında mövcuddur (Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Gəncənin "Toçka-U" ilə atəşə tutulduğunu bəyan edib - "Report").