QARABAĞ

10 Oktyabr

Azərbaycanla Ermənistan arasında humanitar məqsədlərlə atəşkəs elan olunur - Video

Rusiya tərəfinin təşəbbüsü əsasında bu ilin 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin bəyanatı qəbul edilib.

Azərbaycan Xarici İşlər Nazirliyindən  verilən məlumata görə, bəyanatda Rusiya Federasiyasının Prezidenti V.Putinin müraciətinə cavab olaraq və Prezident V.Putin, Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev və Ermənistan Respublikasının Baş naziri N.Paşinyan arasında əldə olunmuş razılığa əsasən aşağıdakı addımların atılması razılaşdırılıb:

1. 2020-ci ilin 10 oktyabr tarixi, saat 12.00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunur;

 

2. Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq;

3. Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayırlar;

4. Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq edirlər.