QARABAĞ

09 Oktyabr

“Newsweek”: Azərbaycanın PUA-ları qarşı tərəfdə vahimə yaradır

ABŞ-ın “Newsweek” nəşri Azərbaycanın müharibədə dron texnologiyalarından uğurla istifadəsi barədə analitik yazı dərc edib.

Fins.az xəbər verir ki, məqalədə Yaxın Şərq üzrə uzman Set Frantsmanın təhlilləri yer alıb.

Qeyd olunub ki, sentyabrın son həftəsində Dağlıq Qarabağda Azərbaycan və Ermənistan arasındakı münaqişə yenidən alovlanıb:

“Azərbaycan müharibədə özünəməxsus savaş üsulu seçib. Ermənistanın tanklarına, toplarına və hərbi texnikasına qarşı zərbə dronlarından uğurla istifadə olunur”.

ABŞ tərəfindən zərbə PUA-larının qlobal terrorla mübarizədə geniş tətbiqi barədə bəhs olunan yazıda Azərbaycanın dron texnologiyalarından bu miqyasda istifadə praktikasının müharibə tarixində yenilik olduğu vurğulanıb.

2016-cı ildə aprel döyüşləri çərçivəsində Azərbaycanın kamikadze PUA-lardan əməliyyatlarda aktiv istifadə etməsinə toxunan müəllif pilotsuz uçuş aparatlarının bəzən drondan daha çox qanadlı bir raket kimi göründüyünü və qarşı tərəfdə vahimə yaratdığını ifadə edib.

“Azərbaycan daha çox İsrail və son illərdə Türkiyə istehsalı olan dronlara maraq göstərir”, - məqalədə bildirilib.

© Report