Finss.az - Azərbaycan Mərkəzi Bankının (AMB) press-relizinə görə, 2025-ci ilin sonuna və 2026-cı ildə illik inflyasiyanın hədəf diapazonunda olacağı gözlənilir.
AMB-nin baza ssenarisi üzrə oktyabr proqnozlarına əsasən:
-
2025-ci ildə illik inflyasiya 6%,
-
2026-cı ildə isə 5,7% səviyyəsində proqnozlaşdırılır.
İnflyasiya proqnozunun yuxarı istiqamətdə dəyişməsi əsasən təklif amilləri ilə bağlıdır. Baza ssenarisi üzrə iyul proqnozları 2025-ci il üçün 5,7%, 2026-cı il üçün isə 5,3% inflyasiyanı göstərirdi.
Cari il ərzində inflyasiya proqnozlaşdırılan trayektoriyaya yaxın hərəkət edir. 2025-ci ilin sentyabrında 12 aylıq illik inflyasiya 5,7% olub. Sektorlar üzrə illik qiymət artımı belə olub:
-
Qida məhsulları, alkoqollu içkilər və tütün: 7,9%,
-
Ödənişli xidmətlər: 5,3%,
-
Qeyri-qida məhsulları: 2,4%,
-
İllik baza inflyasiya: 4,9%.
AMB-nin son faiz qərarı iclasında bildirilib ki, inflyasiyanın risklər balansında ötən dövrdən etibarən nəzərəçarpan dəyişiklik baş verməyib. Qlobal ticarət mühitindəki qeyri-sabitlik əmtəə və maliyyə bazarlarında dalğalanmaların davam etməsinə səbəb olur.
Əsas xarici risk mənbəyi kimi idxal qiymətlərinin daxili inflyasiyaya təsiri ticarət tərəfdaşlarında inflyasiya prosesləri və nominal effektiv məzənnənin dinamikası ilə bağlıdır. Daxili risk faktorları ilə bağlı isə vurğulanıb ki, inflyasiyanın gələcəkdə əsasən təklif–xərc amilləri hesabına formalaşacağı gözlənilir. Dövlət büdcəsinin ilkin parametrləri və kredit qoyuluşlarının illik artımının səngiməsi isə məcmu tələbin izafi artımı riskini azaldır.