MÜSAHİBƏ

10 Sentyabr

İpoteka kreditlərinin müddəti maksimum şəkildə kredit götürənin imkanlarına uyğun olmalıdır – Elşad Məmmədov

İpoteka kreditləri götürərkən kredit müddətinin düzgün seçilməsi həm kredit götürən, həm də kredit verən tərəf üçün vacibdir.

Bu mövzuda Finss.az-a danışan iqtisadçı-professor Elşad Məmmədov sosial və iqtisadi amillərin rolunu vurğulayıb. Onun sözlərinə görə, kredit müddəti yalnız iqtisadi mənfəət baxımından deyil, həm də kredit götürənin imkanları və ipoteka prosesinin sosial yükünü nəzərə alaraq müəyyən edilməlidir:

"Hesab edirəm ki, ipoteka kreditləşməsi ilə bağlı optimal kredit müddəti, bu məsələnin sosial mənasını və sosial yükünü nəzərə alaraq, maksimum şəkildə kredit götürənin imkanlarına uyğun olmalıdır. Güzəştlər burada mütləq şəkildə kredit götürənlər üçün nəzərdə tutulmalıdır. Bu, o demək deyil ki, kredit verən təşkilatların mənafelərini nəzərə almaq lazım deyil. Onlara müvafiq şərait yaradılmalı və kredit götürənlərin ödəniş imkanları genişləndirilməlidir, çünki ipoteka prosesi yüksək sosial əhəmiyyət daşıyır.

Sosial yükü nəzərə alaraq yalnız iqtisadi mənfəət aspektindən yanaşmaq düzgün deyil. Ona görə də ipoteka kreditlərində müddət baxımından prioritet kredit götürənlərin imkanlarına verilməli, eyni zamanda kredit verən təşkilatların mənafelərinin qorunması üçün onlara uyğun güzəştlər tətbiq edilməlidir. Yəni məsələyə yalnız iqtisadi və biznes maraqları çərçivəsində deyil, həm də sosial və iqtisadi mənfəət baxımından yanaşılmalıdır."

Professor E.Məmmədov qeyd edib ki, ipoteka kreditlərində müddətin təyin edilməsi yalnız iqtisadi baxımdan deyil, sosial məsuliyyət prizmasından da qiymətləndirilməlidir. Kredit götürənlərin ödəniş imkanları geniş şəkildə nəzərə alınmalı, həmçinin kredit verən təşkilatların maraqları da qorunmalıdır.

E.Məmmədov əlavə edib ki, bu balanslı yanaşma ipoteka kreditlərinin həm kredit götürənlər, həm də kredit verənlər üçün uzunmüddətli faydalar təmin edir:

"Yəni burada məqsəd kredit müddətini yalnız iqtisadi və biznes maraqları çərçivəsində müəyyən etmək deyil, həm də sosial və iqtisadi faydayı nəzərə almaqdır."

Beləliklə, ipoteka kreditlərində optimal müddətin seçimi təkcə faiz dərəcəsi və aylıq ödənişlərlə ölçülmür, həm də kredit götürənin sosial və maliyyə imkanları, eləcə də kredit verən təşkilatın mənafeləri nəzərə alınmalıdır. Bu yanaşma həm kredit götürənlərin ödəniş qabiliyyətini qoruyur, həm də ipoteka bazarında dayanıqlı inkişafı təmin edir.

Fuad Mədətov
Finss.az