MÜSAHİBƏ

25 İyul

Kredit ittifaqları: Aktivlər artdı, öhdəliklər azaldı

Finss.az - Azərbaycandakı kredit ittifaqları 2025-ci ilin yanvar-iyun aylarını 0,03 milyon manat (30 min manat) xalis zərərlə yekunlaşdırıb.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 24 dəfə azdır.

Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, hesabat dövründə sektorun gəlirləri 1,21 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 0,8% artım deməkdir. Eyni zamanda, xərclər 1,4% azalaraq 0,69 milyon manata enib. Xüsusi ehtiyatlara ayırmalar isə 45% azalaraq 0,54 milyon manat olub.

İyulun 1-nə kredit ittifaqlarının ümumi aktivləri 12,7 milyon manat təşkil edib ki, bu da illik 2,4% artımı əks etdirir. Aktivlərin 10,9 milyon manatı müştərilərə verilmiş xalis kreditlərin payına düşür. Son 1 ildə sektorun kredit portfeli 1,9% böyüyüb.

Həmin dövrdə kredit ittifaqlarının öhdəlikləri 21,2% azalaraq 2,6 milyon manata düşüb. Balans kapitalı isə 11% artaraq 10,1 milyon manata çatıb. Bununla yanaşı, nizamnamə kapitalında 4%-lik azalma müşahidə olunub və göstərici 7,2 milyon manat təşkil edib.

Mütəxəssislər sektorun daha dayanıqlı struktur qurmağa çalışdığını və zərərin azalmasının risklərin idarə edilməsində müsbət dəyişikliklərə işarə etdiyini bildirirlər.