Finss.az - 2025-ci ilin 1 avqust tarixindən etibarən Azərbaycan təbii qazının Türkiyə üzərindən Suriyanın Kilis xətti ilə nəqlinə başlanılacaq.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Layihə Suriyanın müharibədən zədələnmiş enerji infrastrukturunun bərpasına və Türkiyənin regional enerji habı statusunun gücləndirilməsinə yönəlib. Təbii qazın nəqli üzrə texniki hazırlıqlar artıq başa çatıb.
İlkin mərhələdə illik 1,2 milyard kubmetr həcmində təbii qaz Suriyaya ötürüləcək. Qaz Türkiyənin Kilis şəhəri vasitəsilə Suriyanın Hələb və Homs bölgələrindəki elektrik stansiyalarına çatdırılacaq və təxminən 1.200–1.300 meqavat gücündə elektrik istehsalı təmin olunacaq.
Qeyd edək ki, bu əməkdaşlıq Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın 12 iyulda Azərbaycana etdiyi səfər zamanı SOCAR ilə Suriya Hökuməti arasında imzalanan Anlaşma Memorandumuna əsaslanır. Sənədi Azərbaycanın iqtisadiyyat naziri və SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir imzalayıblar.