Finss.az - Prezident İlham Əliyev Gömrük Məcəlləsində gömrük borcunun ödənilməsi ilə bağlı mühüm dəyişiklikləri təsdiqləyib.
Yeni qanunvericilik aktı borcun ödənilməsində məsul subyektlərin daha dəqiq müəyyənləşdirilməsini təmin edir.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sosial şəbəkə hesabında bildirdiyi kimi, əvvəllər gömrük borcu istənilən maraqlı şəxs tərəfindən ödənilə bilirdi. Lakin bu, hüquqi qeyri-müəyyənliklərə səbəb olduğundan, beynəlxalq təcrübəyə uyğun olaraq, borcun yalnız məsul şəxslər və ya qanunvericilikdə göstərilən təminatçıların üzərinə qoyulması nəzərdə tutulub.
Dəyişikliklərlə gömrük orqanları tərəfindən hesablanmış gömrük ödənişləri, dəbbə pulu və faizlər üzrə borc yalnız bəyanat verən şəxs və ya girov, bank zəmanəti, sığorta, zaminlik kimi təminat verən şəxslər tərəfindən ödəniləcək. Başqasının gömrük borcunu ödəməsi isə sahibkarlıq fəaliyyəti sahəsində məhdudlaşdırılıb.
Deputat qeyd edib ki, bu tədbirlər gömrük və vergi qanunvericiliyinə riayət olunmasını gücləndirəcək və sahibkarların hüquqlarının qorunmasına xidmət edəcək.