MÜSAHİBƏ

21 İyul

Əmlak bazarı - TƏHLİL

Finss.az - Əmlak bazarı təkcə iqtisadi sektor kimi deyil, həm də ölkənin makroiqtisadi sabitliyinə təsir göstərən mühüm amil kimi diqqət mərkəzindədir.

Dünya təcrübəsi göstərir ki, əmlak bazarında baş verən dəyişikliklər ölkə iqtisadiyyatının geniş spektrinə — maliyyə sistemindən tutmuş əhalinin sosial rifahına qədər — təsir edir.

Əmlak bazarının “makro-kritiklik” xüsusiyyəti ona imkan verir ki, buradakı böhran və dalğalanmalar makroiqtisadi sabitliyi pozaraq iqtisadi böhranlara səbəb olsun. Bu, xüsusilə yaşayış mənzilləri bazarına aiddir ki, bu sahə əhalinin əsas ehtiyaclarından biri kimi həm sosial, həm də investisiya obyekti rolunu oynayır. Azərbaycanda da əmlak bazarının sosial əhəmiyyəti yüksəkdir, çünki mənzil təminatı və əmlak qiymətləri əhalinin rifah göstəricilərindən biridir.

Mərkəzi bankların həyata keçirdiyi pul-kredit siyasəti (PKS) faiz dərəcələri vasitəsilə iqtisadiyyata təsir göstərir. Lakin əmlak bazarında PKS-nin təsiri daha mürəkkəb və güclüdür. Aşağı faiz dövrlərində mənzil krediti daha əlçatan olur, bu isə tələbin sürətlə artmasına gətirib çıxarır. Azərbaycanda da ipoteka bazarının inkişafı faiz dərəcələrinin aşağı olması ilə birbaşa bağlıdır.

Bu proses tələbi stimullaşdırsa da, təklif tərəfi buna sürətlə cavab verə bilmir. Tikinti sahəsində mürəkkəb icazə prosedurları, uzun tikinti müddətləri və digər struktural əngəllər əmlak təklifinin tələbi qabaqlamasını çətinləşdirir. Nəticədə qiymətlərdə sürətli artımlar, yəni “balon” riski yaranır ki, bu da iqtisadi sabitliyi sarsıda bilər.

2008-ci ildən sonra dünya mərkəzi bankları PKS ilə yanaşı makroprudensial tənzimləmələrə — məsələn, ilkin ödənişlərin artırılması, kredit yüklərinin məhdudlaşdırılması və s. — üstünlük verməyə başlayıb. Bu tədbirlər əmlak bazarında həddindən artıq spekulyasiya və kredit risklərinin artmasının qarşısını almağa yönəlib.