Beynəlxalq reytinq agentliyi Moody’s Azərbaycan Dövlət Neft Şirkəti SOCAR-ın maliyyə dayanıqlılığının yaxın iki ildə qorunacağını proqnozlaşdırır. Agentlik bildirib ki, şirkətin gəlirlilik səviyyəsi və azad pul axını (FCF) 2025–2026-cı illərdə sabit tendensiyada qalacaq, baxmayaraq ki, neftin qiymətində əvvəlki illərlə müqayisədə azalma müşahidə olunur.
Finss.az-ın xəbərinə görə, bu barədə Moody’s-in yayımladığı yeni analitik hesabatda qeyd olunub.
"SOCAR sabit əməliyyat pul axını, məhdud dividendlər və nəzarətli kapital xərcləri sayəsində son dörd il ərzində müsbət azad pul axını yaradıb. 2023-cü ildə düzəliş edilmiş EBITDA marjası 9,1%, 2024-cü ildə isə 10,1% təşkil edib", – deyə hesabatda vurğulanır.
Agentlik bildirir ki, “Brent” markalı neftin qiymətinin 2022-ci ildəki orta 101 ABŞ dollarından, 2023–2024-cü illərdə 81–83 dollar aralığına düşməsi şirkətin mənfəətliyinə müəyyən təsir göstərsə də, SOCAR-ın maliyyə göstəriciləri bütövlükdə dayanıqlılığını qoruyub.
Borc yükü və balans strukturu sabitləşir
Moody’s-in qiymətləndirməsinə əsasən, SOCAR-ın ümumi borc yükü (gross leverage) 2022-ci ildə 1,5x, 2023-cü ildə 2,4x, 2024-cü ildə isə 2,9x olub. Borcun artması əsasən “Southern Gas Corridor” (SGC) şirkətinin konsolidasiyası ilə bağlıdır. 2024-cü il maliyyə hesabatında SGC-nin borcu və gəlirləri SOCAR-ın konsolidə göstəricilərinə daxil edilib.
Moody’s proqnozuna görə, 2025-ci ildə neftin orta qiymətinin 67 dollar, 2026-cı ildə isə 65 dollar səviyyəsində olacağı gözlənilir. Bu fondda SOCAR-ın borc yükü növbəti 18 ayda 3,0x-dən aşağı səviyyədə qalacaq. Eyni zamanda, azad pul axınının xalis borca nisbəti (RCF/net debt) təxminən 30% səviyyəsində olacaq ki, bu da şirkətin maliyyə elastikliyinin davam edəcəyini göstərir.
"SOCAR-ın balans hesabatı tədricən möhkəmlənir. Borcun kapitala nisbəti 2026-cı ildə təxminən 25%-ə enəcək. Bu göstərici 2022–2024-cü illərdə 35%, 2019–2021-ci illərdə isə 40%-dən çox olub", – Moody’s-in hesabatında qeyd olunub.
Hökumət dəstəyinə güclü etimad
Hesabatda həmçinin vurğulanır ki, Azərbaycan hökumətinin SOCAR-a potensial dəstək imkanları da güclənib, bu isə agentlik tərəfindən şirkətin kredit profili üçün müsbət faktor kimi qiymətləndirilir.
Moody’s-in bu qiymətləndirməsi həm SOCAR-ın əməliyyat çevikliyinə, həm də ölkənin makroiqtisadi sabitliyinə dair beynəlxalq investorlar üçün müsbət siqnal kimi dəyərləndirilə bilər.
Fuad Mədətov
Finss.az