MÜSAHİBƏ

09 İyul

Dolların 50 illik antirekordu: yuan sabit qalır

Finss.az - Çin Xalq Bankı (PBOC) ötən həftə bir sıra maliyyə təşkilatları arasında sorğu keçirib.

Sorğuda ABŞ dollarının zəifləməsinin səbəbləri və yuanın məzənnəsi ilə bağlı proqnozlar müzakirə olunub. Bu barədə Reuters agentliyi xəbər verib.

Sorğuda dolların son aylar ərzindəki dalğalanmaları, bu dəyişikliklərin səbəbləri və yuanın valyuta bazarındakı perspektivləri təhlil olunub. Çin tənzimləyici qurumu isə məsələ ilə bağlı şərh verməkdən yayınıb.

Mənbələrin fikrincə, bu sorğu Çin hökumətinin yuanın ABŞ dollarına qarşı mümkün kəskin möhkəmlənməsinə cavab xarakteri daşıyır. Digər ehtimala görə, PBOC-nin marağı ABŞ-la davam edən ticarət danışıqları fonunda dolların gələcək dinamikasını qiymətləndirmək cəhdidir.

Qeyd edək ki, 2025-ci ilin əvvəlindən dolların altı əsas valyutaya qarşı dəyərini ölçən indeks 11% azalaraq 1973-cü ildən bu yana ən pis yarımillik nəticəni göstərib. Aprel ayından bəri azalma 6,6%-ə çatıb.

Yuan isə bu dövrdə nisbətən sabit qalıb və ABŞ-ın 2 aprel tarixində yeni tarifləri elan etdiyi gündən bəri cəmi 1,3% möhkəmlənib.