MÜSAHİBƏ

08 İyul

SOCAR 2024-cü ili müsbət nəticələrlə başa vurub - MALİYYƏ HESABATI

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) aparılan struktur islahatları, bazar mövqeyini gücləndirəcək satınalmalar və investisiyalar, eləcə də xərclərin optimallaşdırılması sayəsində 2024-cü ili müsbət nəticələrlə başa vurub.

Finss.az xəbər verir ki, bu barədə SOCAR-dan məlumat verilib.

Məlumata görə, ötən il ərzində bir sıra uğurlu biznes satınalma əməliyyatlarını icra edən SOCAR “Cənub Qaz Dəhlizi” QSC-də və STAR Neft Emalı Zavodunda mərhələli satınalınma, “Umm Lulu”, “SARB”, “Bin Nasher” və “Al Bateel” konsessiyasında pay alışı, “Azər-Türk Bank” ASC-nin satınalınması, “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” Saziş və Bakı-Tbilisi-Ceyhan boru kəməri üzrə əlavə payın satınalınması və “Azərkontrakt” ASC-nin SOCAR-a ötürülməsi əməliyyatlarını həyata keçirib.

Uğurlu islahatların və biznes birləşmələrinin nəticəsi olaraq hesabat ilində SOCAR-ın ümumi aktivlərinin həcmi 31,6 % genişlənərək 94,7 milyard manata çatıb, şirkətin cəmi kapitalı da əhəmiyyətli şəkildə möhkəmlənərək 39,6%-lik artımla 48,7 milyard manata yüksəlib.

SOCAR-ın kredit öhdəlikləri 2023-cü il ilə müqayisədə 2,0 milyard manat azaldılıb, lakin yeni biznes satınalmaları (“Cənub Qaz Dəhlizi” QSC, STAR zavodu) nəticəsində bu müəssisələrin 7,8 milyard AZN kredit öhdəliyi SOCAR-ın mövcud kredit öhdəliklərinə əlavə olunub. Həmçinin 2023-cü ildə SOCAR-ın borc öhdəlikləri birgə müəssisələrin borclarının yenidən maliyyələşdirilməsi ilə bağlı olaraq, 2,9 milyard manat artıb. Ümumilikdə düzgün maliyyə siyasəti nəticəsində son 3 il ərzində biznes satınalmalarını çıxmaqla SOCAR-ın kredit öhdəliyi 7,8 milyard manat, birgə müəssisələri nəzərə almaqla isə 10,6 milyard manat azalıb. Aşağıda 2021–2024-cü illəri əhatə edən dövr üçün kredit öhdəlikləri (milyard manatla) və Borc/EBITDA göstəricisi ilə bağlı məlumat təqdim olunur.

SOCAR-ın digər uzunmüddətli borc öhdəlikləri də nəzərə alındıqda isə ümumilikdə son 3 il ərzində biznes satınalmalarını və birgə müəssisələrin borclarının yenidən maliyyələşdirilməsini çıxmaqla SOCAR-ın kredit və uzunmüddətli borc öhdəlikləri 9,1 milyard manat, birgə müəssisələri də nəzərə almaqla isə 11,9 milyard manat azalıb.

Aşağıda 2021–2024-cü illəri əhatə edən dövr üçün kredit və uzunmüddətli borc öhdəlikləri ilə bağlı məlumat təqdim olunur (milyard manatla).

Qeyd edək ki, SOCAR-ın 31 dekabr 2024-cü il tarixinə konsolidasiya edilmiş maliyyə hesabatına nüfuzlu beynəlxalq audit şirkəti olan “Ernst Young Holdings (CIS) B.V.” tərəfindən dəyişilməmiş (təmiz) rəyi verilib.

Fuad Mədətov
Finss.az