Bu ilin yanvar-aprel aylarında Azərbaycan Türkiyəyə 3,191 milyard kubmetr təbii qaz ixrac edib.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu ixracdan əldə olunan gəlir 894,9 milyon ABŞ dolları təşkil edib. Həcm baxımından ötən ilin eyni dövrü ilə müqayisədə qaz ixracı cəmi 0,1% artaraq 4 milyon kubmetr çoxalıb. Lakin dəyər ifadəsində 112,1 milyon dollar və ya 11,1% azalma müşahidə olunub. 2024-cü ilin yanvar-aprel dövründə Azərbaycandan Türkiyəyə 3,187 milyard kubmetr qaz ixrac edilmiş, gəlir isə 1,007 milyard dollar olub.
Eyni dövrdə Azərbaycana idxal olunan təbii qazın həcmi 176,5 milyon kubmetr, dəyəri isə 27,2 milyon ABŞ dolları təşkil edib. Ümumilikdə isə ilin ilk dörd ayında ölkədən 8,2 milyard kubmetr, dəyəri 3,1 milyard dollar olan təbii qaz ixracı həyata keçirilib.
Qeyd edək ki, bu dövrdə Azərbaycan Gürcüstan, Serbiya, Türkiyə, Bolqarıstan, İtaliya və Yunanıstana təbii qaz ixrac etmiş, Rusiya və Türkmənistandan isə qaz idxal edib.
Fuad Mədətov
Finss.az