MÜSAHİBƏ

07 İyul

Dövlət borcu qanununa dəyişiklik: Ssuda borclarının ödənilməsi Təminat Fondu hesabına keçəcək

Milli Məclisdə “Dövlət borcu” haqqında Qanuna dəyişikliklər ikinci oxunuşda müzakirə edilərək qəbul edilib. Qanundakı dəyişikliklərə əsasən, dövlət büdcəsindən verilən büdcə ssudalarının geri qaytarılmaması halında, borc Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu hesabına bağlanacaq.

Finss.az-ın məlumatına görə, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov özünün sosial şəbəkə hesabında bildirib.

O qeyd edib ki, “bu borclar geri qaytarıla bilməyəndə onun büdcə hesabına ödənilməsi nəzərdə tutulur”:

“Belə ki, ‘Büdcə sistemi haqqında’ Qanuna uyğun olaraq dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə, yerli büdcələrə, büdcə təşkilatlarına, dövlət adından yaradılan publik hüquqi şəxslərə və dövlət büdcəsindən maliyyə yardımı alan digər hüquqi şəxslərə büdcə ili ərzində ən geci verildiyi büdcə ilinin sonunadək qaytarılmalı olan büdcə ssudaları ayrılır.

Mövcud qanunvericiliyə əsasən dövlət büdcəsindən ayrılmış büdcə ssudalarının vaxtında geri qaytarılması həmin ssudanı alan təşkilatların öhdəliyindədir. Lakin təcrübədə bu vəsaitlərin təşkilatlar tərəfindən geri qaytarılmasında bir sıra problemlər müşahidə olunur.”

Millət vəkili əlavə edib ki, yeni dəyişiklik Təminat Fondunun funksiyalarını genişləndirərək, yalnız dövlət borcu və zəmanəti üzrə öhdəliklərin yerinə yetirilməsi ilə deyil, həmçinin qaytarılmayan büdcə ssudalarının ödənilməsində də daha çevik alət kimi fəaliyyət göstərməsinə şərait yaradacaq.

Fuad Mədətov
Finss.az