MÜSAHİBƏ

25 İyun

BIS stablkoinləri sərt tənqid etdi

Finss.az - Beynəlxalq Hesablaşmalar Bankı (BIS) stablkoinlərə kəskin tənqid səsləndirib.

Bankın 2025-ci ilin İllik İqtisadi Hesabatında qeyd olunur ki, stablkoinlər pulun funksiyasını tam yerinə yetirmək üçün tələb olunan əsas meyarlara cavab vermir. BIS bildirir ki, bu rəqəmsal aktivlər mərkəzi banklar tərəfindən təmin olunmur, iqtisadiyyatın kreditləşdirilməsi və inkişafı üçün zəruri elastikliyə malik deyil və qanunsuz istifadəyə qarşı həssasdır.

Hesabatda stablkoinlərin üç əsas meyara cavab vermədiyi vurğulanır: pulun vahidliyi, pul təklifinin elastikliyi və maliyyə bütövlüyü ilə şəffaflıq. BIS izah edir ki, stablkoinlər fərdi emitentlərin öhdəliklərini ifadə edir və onların dəyəri bazarda nominal qiymətdən fərqli ola bilər. Bundan əlavə, onların emissiyası yalnız 100% aktivlərlə təmin olunduğundan, bazarın tələbinə çevik cavab verə bilmirlər.

Maliyyə bütövlüyü baxımından isə stablkoinlər anonim pul kisələri və mərkəzləşdirilməmiş birjalarda dövriyyədə olduğundan sanksiyalardan yayınma, pul yuyulması və terrorizmin maliyyələşdirilməsi riskləri mövcuddur. Emitentlərin isə öz son istifadəçilərini tam tanımaması KYC qaydalarının pozulmasına səbəb olur.

BIS stablkoinlər əvəzinə mərkəzi və kommersiya banklarının iştirakı ilə tokenləşdirilmiş depozit platformasının yaradılmasını təklif edir. Agora layihəsi çərçivəsində artıq yeddi mərkəzi bank və 43 maliyyə təşkilatı bu istiqamətdə sınaqlar aparır.

Hazırda dünyada təxminən 250 milyard dollar dəyərində stablkoin dövriyyədədir və onların əksəriyyəti ABŞ dollarına bağlıdır. Financial Times bildirir ki, ABŞ prezidenti Donald Tramp ölkəni “kripto paytaxtı” elan etmək və World Liberty Financial şirkətinin USD1 stablkoinini dəstəkləməklə bu sahənin inkişafını təşviq edir.

BIS-in hesabatında qeyd olunur ki, cəmiyyət ya yeni nəsil pul sistemini etimad və yoxlanmış institutlar əsasında qurmalı, ya da bazar tələblərinə cavab verməyən özəl rəqəmsal aktivlərə güvənərək keçmişin səhvlərini təkrarlamaq riskinə yol verməlidir.