Finss.az - Bakıda keçirilən “Fintex Sammit” – Maliyyə və Texnologiyalar Sərgisində İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov biznesin maliyyə əlçatanlığı məsələsinin qlobal səviyyədə ciddi çağırış olaraq qalmaqda olduğunu bildirib.
O, Beynəlxalq Maliyyə Korporasiyasının 2025-ci ilin aprelində təşkil etdiyi KOB Maliyyə Forumunun sənədlərinə əsaslanaraq deyib ki, dünya üzrə kiçik və orta biznes subyektlərinin (KOB) qarşılanmamış maliyyə tələbatı 5,7 trilyon ABŞ dollarına çatıb. Eyni zamanda, Dünya Bankının hesabatına görə, KOB-ların maliyyə boşluğunun aradan qaldırılması orta gəlirli ölkələrdə ümumi məhsuldarlığın 86% artmasına səbəb ola bilər.
Orxan Məmmədov qeyd edib ki, bu rəqəmlər maliyyə mənbələrinə çıxışda “fintex” (maliyyə texnologiyaları) alətlərinin tətbiqini daha da vacib edir. Xüsusilə regionlarda fəaliyyət göstərən KOB-lar üçün maliyyə xidmətlərinə çıxışın genişləndirilməsi dayanıqlı inkişafın əsas şərtlərindəndir.
KOBİA sədrinin sözlərinə görə, “Fintex Sammit” kimi platformalar maliyyə texnologiyaları sahəsində qlobal trendlərin müzakirəsi, innovativ həllərin təşviqi və qarşılıqlı əməkdaşlıq imkanlarının artırılması baxımından əhəmiyyətlidir. Rəqəmsal texnologiyalar, süni intellekt, blokçeyn və rəqəmsal bankçılıq kimi sahələrin inkişafı ənənəvi maliyyə sistemlərini köklü şəkildə dəyişir. Elektron hökumət və süni intellekt əsaslı xidmətlər artıq gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib.
Lakin O. Məmmədov qeyd edib ki, bu transformasiya ilə əlaqədar həm imkanlar, həm də ciddi çağırışlar mövcuddur. Xüsusilə rəqəmsal təhlükəsizlik, informasiya təhlükəsizliyi və rəqəmsal identifikasiya sistemlərinin təkmilləşdirilməsi vacibdir.
O, həmçinin tənzimləyici çərçivənin çevikliyinin önəmini vurğulayıb. Bildirib ki, “Fintex” texnologiyaları ənənəvi bank sistemlərindən daha dinamikdir və normativ-hüquqi bazanın proaktiv və mütərəqqi olması zəruridir. Yeniliklərə geniş meydan verilməli, eyni zamanda maliyyə dayanıqlılığı və istehlakçı hüquqları qorunmalıdır.