Naxçıvan Muxtar Respublikasında vergi ödəyicilərinə göstərilən xidmətlərin həcmi artmaqda davam edir. Bu ilin yanvar-may aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 19 983 şəxs qəbul edilib.
Finss.az quruma istinadən xəbər verir ki, bu dövrdə 27 120 xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 26,8 % artım deməkdir.
Ümumi xidmətlərin 86 faizini aşağıdakı 9 əsas xidmət növü təşkil edib:
- Bəyannamələrin və cari vergi ödəmələrinin hesablanması barədə arayışın təqdim edilməsi
- Sadələşdirilmiş vergi, sosial və tibbi sığorta haqqı üzrə qəbzlərin verilməsi
- “Asan İmza” sertifikatının verilməsi
- Fiziki şəxslərin uçota alınması və yenidən uçota alınması
- Vergi uçot məlumatlarının dəyişdirilməsi
- Arayışların təqdim edilməsi
- Vergi ödəyicisinin fəaliyyətinin bərpası
- Fiziki şəxsin uçotdan çıxarılması
- Əmək müqaviləsi üzrə elektron əməliyyatlar
Bundan əlavə, 598 876 məlumatlandırıcı bildiriş və məktub göndərilib, 52 görüş keçirilib, 210 ünvanlı xidmət göstərilib, 1 498 müraciət üzrə 2 641 “ASAN İmza” sertifikatı təqdim olunub.