MÜSAHİBƏ

17 İyun

Neft qiymətləri ciddi təklif çatışmazlığı ilə üzləşə bilər - ING

İsraillə İran arasındakı hərbi gərginliyin daha da artması və Hörmüz boğazından tədarüklərdə pozuntuların baş verməsi dünya neft qiymətlərində kəskin artıma səbəb ola bilər.

Finss.az-ın məlumatına görə, bu barədə Niderlandın ING bank qrupu son analitik icmalında xəbər verib.

Bazar ertəsi səhər neft qiymətləri ardıcıl dördüncü gündür yüksəlməkdədir. İsrail və İran arasındakı toqquşmaların intensivləşməsi enerji təhlükəsizliyi və qlobal tədarüklərdə pozuntulara dair narahatlıqları artırıb.

Həftəsonu İsrail İranın daxili enerji infrastrukturlarına zərbələr endirib. Nəticədə "Cənubi Pars" yatağı ilə bağlı təbii qaz emalı qurğusu müvəqqəti sıradan çıxıb, 14-cü fazanın quruda yerləşən zavodunda partlayış və yanğın baş verib, dənizdəki hasilat platformalarından biri fəaliyyətini dayandırıb.

Zərbələr İranın ixrac infrastrukturuna təsir etməsə də, ING analitikləri hesab edir ki, daxildəki hücumlar tədarükdə pozuntular riskini artırır, xüsusilə İranın qlobal neft bazarındakı əhəmiyyəti nəzərə alınanda. ABŞ sanksiyalarına baxmayaraq, İran gündəlik 3,3 milyon barrel hasilatla OPEK-in üçüncü ən böyük üzvüdür və təxminən 1,7 milyon barrel neft ixrac edir.

ING-nin hesabatında vurğulanır ki, bu həcmlərin itirilməsi ilin sonuna planlaşdırılan artıqlığı aradan qaldıra bilər. Hücumlar davam edərsə, təklif çatışmazlığı sürətlə dərinləşə bilər.

Bank OPEK-in sutkada 5 milyon barrel ehtiyat hasilat gücünün qiymətlərin sabitləşməsində rol oynaya biləcəyini qeyd edir. Lakin ciddi tədarük pozuntuları yaranarsa, ehtiyat gücünün planlaşdırılandan əvvəl işə salınması lazım gələcək.

Əsas təhlükə Hörmüz boğazı vasitəsilə neftin daşınmasında pozuntulardır. Bu strateji marşruta hər hansı təhdid neft qiymətlərinin sürətlə artmasına səbəb ola bilər.

Geosiyasi gərginliklə əlaqədar bazarda spekulyativ fəaliyyət artıb. ICE Brent fyuçerslərində xalis uzun mövqelər apreldən bəri maksimuma çatıb, NYMEX WTI kontraktlarında isə yanvar sonundan bəri ən yüksək səviyyə müşahidə olunur.

Qeyd edək ki, 13 iyun səhər İsrail İrana hava zərbələri endirib. Hücumda İranın yüksək səviyyəli hərbçiləri, o cümlədən Silahlı Qüvvələrin Baş Qərargah rəisi Məhəmməd Baqeri, SEPAH komandiri Hüseyn Salami və nüvə alimləri ölüb.

Eyni gün İran “Həqiqi Vəd III Əməliyyatı” adı altında İsrailə cavab verərək Tel-Əviv və digər yerlərə yüzlərlə raket və pilotsuz uçuş aparatı buraxıb, bu da mülki itkilərə və dağıntılara yol açıb.