Ziraat Bank Azərbaycan, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu (ARİKZF) xətti ilə ipoteka krediti əldə etmək istəyən vətəndaşlara zəmanətli və zəmanətsiz ipoteka məhsulları təklif edir.
Finss.az bankın məlumatına əsasən xəbər verir ki, ilkin ödəniş məbləği 15 faizdən başlayır və kredit müddəti maksimum 25 ilə qədər müəyyən edilir.
Zəmanətsiz adi ipoteka krediti üzrə illik faiz dərəcəsi 8 faiz, zəmanətli ipoteka krediti üzrə isə cəmi 7 faiz təşkil edir. Kreditin maksimal məbləği 150 000 manatdır. Zəmanətli ipoteka kreditindən istifadə etmək üçün Fond tərəfindən müəyyən edilmiş zəmanət haqqının ödənilməsi tələb olunur.
İpoteka krediti üçün müraciətlər yalnız Elektron Hökumət Portalı vasitəsilə (www.e-gov.az) həyata keçirilir. Müraciət etmək üçün isə müvafiq olaraq Elektron İmza Tokeni və ya ASAN İmza tələb olunur.
Bank rəsmiləri bildirirlər ki, kreditə alınan yaşayış sahəsi təminat qismində çıxış edir və yalnız 1970-ci ildən sonra tikilmiş çoxmənzilli binalarda yerləşən mənzillərin, fərdi yaşayış və bağ evlərinin alınması məqsədilə istifadə oluna bilər.
Qeyd edək ki, bir şəxs eyni vaxtda yalnız iki ipoteka krediti üzrə borcalan qismində çıxış edə bilər. Kredit üzrə aylıq ödənişlər annuitet prinsipinə əsasən həyata keçirilir.
Bank mütəxəssisləri borcalanlara bədbəxt hadisə və ya xəstəlik (vəfat və ya əmək qabiliyyətinin itirilməsi) halında ailə üzvlərini borc yükündən qorumaq məqsədilə həyat sığortası məhsullarından istifadə etməyi tövsiyə edir. Sığorta təminatı borcalanın seçdiyi sığortaçının şərtlərinə əsasən formalaşır və sığorta hadisəsi baş verdikdə bank qarşısında olan borc sığortaçı tərəfindən ödənilir.
Ətraflı məlumat üçün: //ziraatbank.az/az/adi-dovlet-ipoteka-krediti
Fuad Mədətov
Finss.az