Bu ilin mayın 1-nə olan vəziyyətə görə, Azərbaycanda manatla yeni cəlb edilmiş müddətli əmanət və depozitlər üzrə orta faiz dərəcəsi 7,12%, xarici valyutada isə 4,32% təşkil edib.
Finss.az Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi məlumatlarına əsasən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə manatla əmanət və depozitlər üzrə orta faiz dərəcəsi 0,83 faiz bəndi azalıb. Əksinə, xarici valyutada yerləşdirilən əmanətlər üzrə orta faiz dərəcəsi 1,86 faiz bəndi artıb.
Xatırladaq ki, 2023-cü ilin mayın 1-nə bu göstəricilər müvafiq olaraq manatla 7,95%, xarici valyutada isə 2,46% idi.
Kreditlər üzrə rəqəmlər də diqqətçəkicidir. Kommersiya banklarının cari ilin may ayının 1-nə yeni verdiyi kreditlər üzrə orta faiz dərəcəsi manatla 18,87%, xarici valyutada isə 6,08% təşkil edib. Müqayisə üçün, ötən il bu göstəricilər müvafiq olaraq 15,24% və 5,78% idi.
Beləliklə, bir il ərzində yeni verilən kreditlər üzrə orta faiz dərəcəsi manatla 3,63 faiz bəndi, xarici valyutada isə 0,3 faiz bəndi artıb.
Fuad Mədətov
Finss.az