Şirkətin müştəriləri Agentliyin tibbi, sosial-psixoloji reabilitasiya və abilitasiya xidmətlərindən faydalana biləcəklər.
“PAŞA Sığorta” şirkəti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi arasında tibbi-sosial reabilitasiya xidmətlərinə dair əməkdaşlıq müqaviləsi imzalanıb.
Finss.az xəbər verir ki, əməkdaşlıq çərçivəsində “PAŞA Sığorta” şirkətinin müştəriləri Agentlik tərəfindən göstərilən tibbi, sosial-psixoloji reabilitasiya və abilitasiya xidmətlərindən faydalana biləcəklər.
Bu xidmətlərə həkim müayinəsi, fizioterapiya və elektroterapiya, müalicəvi bədən tərbiyəsi, müalicəvi idman, müalicəvi masaj, manipulyasiya, psixoloji xidmətlər, əmək terapiyası, loqopedik müayinə və korreksiya daxildir.
Qeyd olunan xidmətlər Agentliyin paytaxt və bölgələrdəki 15 reabilitasiya müəssisəsində (o cümlədən, paytaxtdakı Şağan və Mərdəkan Reabilitasiya Pansionatları, Bakı, Sumqayıt, Şirvan, Şəki, Xaçmaz, Lənkəran, Yevlax, Naftalan və s. şəhər və rayonlardakı reabilitasiya mərkəzlərində) həyata keçirilir.
Müasir infrastruktura malik müəssisələrdə peşəkar həkim komandası çalışır və ən son texnoloji yeniliklər və avadanlıqlar, qabaqcıl reabilitasiya metodları və xidmətləri tətbiq edilir.
Qeyd edək ki, “PAŞA Holding” qrupunun üzvü olan, 2006-cı ildən fəaliyyət göstərən, qeyri-həyat sığorta sektorunun bazar payına görə lideri olan “PAŞA Sığorta” 700 minə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir.
“SP Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB+", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib.
Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.
Fuad Mədətov
Finss.az
