Finss.az - ABŞ birja indeksləri çərşənbə günü ticarəti qarışıq nəticələrlə başa vurub.
İnvestorlar zəif iqtisadi göstəricilər və korporativ hesabatlara reaksiya verərkən, aparıcı indekslər fərqli trayektoriyalar nümayiş etdirib.
Dow Jones Industrial Average son beş sessiyada ilk dəfə 0,22% azalaraq 42 427,74 bəndə geriləyib. SP 500 cüzi artımla (0,01%) 5 970,81 bəndə çatıb, texnologiya yönümlü Nasdaq Composite isə 0,32% yüksələrək 19 460,49 bəndlə sessiyanı tamamlayıb. Beləliklə, hər iki indeks fevral ayından bəri maksimum səviyyələrinə çatıb.
İqtisadi göstəricilər bazara təzyiq göstərir
Əmək bazarı ilə bağlı açıqlanan zəif rəqəmlər bazarda ehtiyatlı əhval-ruhiyyəyə səbəb olub. ADP təşkilatının məlumatına görə, ABŞ-da may ayında cəmi 37 min yeni iş yeri yaradılıb ki, bu da 2023-cü ilin martından bəri ən aşağı göstəricidir. Analitiklər isə 115 minlik artım gözləyirdilər.
Eyni zamanda, ISM xidmət sektoru indeksi də gözlənilmədən azalaraq 49,9 bəndə düşüb (apreldə 51,6 bənd). Bu, xidmət sektorunda fəaliyyətin zəiflədiyini göstərir və 2024-cü ilin iyunundan bəri ilk dəfə olaraq indeks 50 bəndin altına düşüb.
Trampdan Federal Rezervə sərt tənqid
Zəif statistikaya reaksiya verən prezident Donald Tramp, Federal Ehtiyat Sisteminin sədri Cerom Paueli sərt tənqid edib və uçot dərəcəsinin dərhal azaldılmasını tələb edib. Tramp Truth Social hesabında bildirib: “Çox gec! Pauel faiz dərəcəsini dərhal endirməlidir. Bu dözülməzdir!”
Şirkət səhmlərində kəskin dəyişikliklər
Ticarət sessiyasında bir sıra tanınmış şirkətlərin səhmlərində kəskin dəyişikliklər müşahidə olunub:
-
Dollar Tree səhmləri 8,4% ucuzlaşıb. Şirkət gəlirlərini artırsa da, illik proqnoz analitiklərin gözləntilərindən aşağı qalıb.
-
CrowdStrike səhmləri 5,8% azalıb. Şirkət maliyyə rübünü zərərlə başa vurub və gəlir proqnozunu aşağı səviyyədə təqdim edib.
-
Tesla səhmləri 3,6%, Boeing – 0,7%, Apple – 0,2%, JPMorgan Chase və Goldman Sachs – 0,8% azalıb.
-
Enerji sektorunda da geriləmə olub: ConocoPhillips – 2,2%, Chevron – 1,6%, ExxonMobil – 1,5%, Marathon Petroleum – 3,1%.
Əksinə, bəzi texnologiya və səhiyyə nəhəngləri artım göstərib:
-
Alphabet səhmləri 1,1%, Merck – 1,5%, Amazon – 0,7%, Nvidia – 0,5% bahalaşıb.
Növbəti hədəf – rəsmi əmək bazarı statistikası
İnvestorların diqqəti indi 7 iyun cümə günü açıqlanacaq ABŞ əmək bazarı üzrə rəsmi məlumatlara yönəlib. Proqnozlara görə, may ayında 130 min yeni iş yerinin yaradıldığı və işsizlik səviyyəsinin 4,2% olaraq qaldığı gözlənilir.