Finss.az - “CPM-İnvest İnvestisiya Şirkəti” ASC 2024-cü ili 168 min manat xalis mənfəətlə başa vurub.
Bu, əvvəlki ilin nəticələri ilə müqayisədə əhəmiyyətli geriləmə deməkdir. Belə ki, 2023-cü ildə şirkət 1 milyon 642 min manat mənfəət əldə etmişdi. Bu da təxminən 10 dəfəyə yaxın azalma anlamına gəlir.
Bu göstəricilər BOKT-un (bank olmayan kredit təşkilatı) maliyyə hesabatına əsaslanır. Hesabata görə, 2024-cü ildə şirkətin ümumi gəlirləri 29.5% azalaraq 2 milyon 507 min manat təşkil edib. Eyni zamanda, inzibati və digər əməliyyat xərcləri 2 milyon 297 min manata yüksəlib.
Maraqlısı odur ki, maliyyə nəticələrindəki zəifləməyə baxmayaraq, “CPM-İnvest”in cəmi aktivləri kəskin artım nümayiş etdirib. Belə ki, 2024-cü ilin sonuna şirkətin aktivləri 26 milyon 223 min manata çatıb — bu da illik müqayisədə 9 dəfədən çox artım deməkdir.
Şirkətin cəmi öhdəlikləri də ciddi şəkildə artaraq 462 min manatdan 24 milyon 679 min manata yüksəlib. Nəticədə, cəmi kapitalı 2 milyon 442 min manatdan 1 milyon 544 min manata qədər azalıb.
Qeyd edək ki, “CPM-Invest İnvestisiya Şirkəti” ASC 2022-ci ildən Azərbaycan Mərkəzi Bankının lisenziyası ilə fəaliyyət göstərir və 800 min manat nizamnamə kapitalına malikdir.