Finss.az - Xalq Bank Türk Eximbankın (Türkiye İhracat Kredi Bankası A.Ş.) 1 mlrd. ABŞ dolları məbləğində sindikat kreditləşməsi layihəsində iştirak etmişdir. Müxtəlif ölkələrdən 33 maliyyə qurumunun yer aldığı layihə üzrə ayrılacaq kreditlər az gəlirli bölgələrdə fəaliyyət göstərən qadın sahibkarlar üçün maliyyə imkanlarının artırılması və “yaşıl məhsullar” ixrac edən sahibkarlara xüsusi maliyyə dəstəyinin göstərilməsi istiqamətində istifadə olunacaq.
Layihənin kreditləşmə meyarları Xalq Banka dayanıqlı inkişaf və sosial məsuliyyətlə bağlı beynəlxalq standartlara uyğun layihələrə maliyyə dəstəyi vermək imkanı təqdim edir. Xatırladaq ki, davamlı inkişaf və sosial məsuliyyət prinsiplərini dəstəkləyən Xalq Bank 2024-cü ildə Birləşmiş Millətlər Təşkilatının Qlobal Sazişinə (UN Global Compact) qoşulub və Sazişin 10 prinsipini dəstəkləməyi öhdəsinə götürməklə özünün 2024-2026-cı illəri əhatə edən İnkişaf Strategiyasının prioritetlərində də nəzərdə tutulmuş ekoloji, sosial və korporativ idarəetmə istiqamətində (ESG) fəaliyyət proqramını davam etdirir.
Türk Eximbank 1987-ci ildən fəaliyyət göstərir və ölkənin dayanıqlı ixrac strategiyasını aktiv dəstəkləyən dövlət bankıdır. 2004-cü ildə əsası qoyulmuş Xalq Bank əsas balans göstəricilərinə görə Azərbaycanın özəl bankları sırasında ilk üçlükdə yer alır. Qeyd edək ki, Xalq Bank əvvəlki dövrlərdə də ESG və dayanıqlı inkişaf standartlı beynəlxalq sindikat kreditləşməsi layihələrində iştirak etmişdir.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, //www.xalqbank.az/ rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.

Zemfira Ms
Finss.az