MÜSAHİBƏ

26 May

Azərbaycanda ödənişli xidmətlərin dəyəri artıb

Finss.az - 2025-ci ilin yanvar-aprel aylarında ölkədə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 4 milyard 502,3 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatlara əsasən, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9,6 faiz artım deməkdir.

Əhaliyə göstərilən xidmətlərin böyük hissəsi hüquqi şəxslər tərəfindən həyata keçirilib – 3 milyard 414,1 milyon manatlıq xidmət hüquqi şəxslər tərəfindən göstərilib ki, bu da ümumi xidmət dəyərinin 75,8 faizini təşkil edir.

Dövlət və qeyri-dövlət sektorları üzrə rəqəmlər də müsbət dinamikanı əks etdirir. Belə ki, dövlət mülkiyyətində olan müəssisələr tərəfindən 980,4 milyon manatlıq (artım 10,7 faiz), qeyri-dövlət mülkiyyətində olanlar tərəfindən isə 3 milyard 521,9 milyon manatlıq (artım 9,3 faiz) xidmət göstərilib. Fiziki şəxslərin göstərdiyi xidmətlərin dəyəri isə 1 milyard 88,2 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,9 faiz çoxdur.

Statistikaya əsasən, 2025-ci ilin ilk dörd ayı ərzində hər bir ölkə sakini orta hesabla 440,1 manatlıq ödənişli xidmətlərdən istifadə edib. Bu göstərici 2024-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 65,7 manatlıq artımı əks etdirir.

Xidmətlərin həcminin artımı həm hüquqi, həm də fiziki şəxslər üzrə müşahidə olunur. Müqayisəli qiymətlərlə hüquqi şəxslər üzrə artım 10,2 faiz, fiziki şəxslər üzrə isə 7,9 faiz təşkil edib.