MÜSAHİBƏ

26 May

ABŞ birjalarında eniş

Finss.az - ABŞ prezidenti Donald Trampın Avropa İttifaqına və Apple şirkətinə qarşı yüksək idxal rüsumları ilə bağlı verdiyi bəyanatlar cümə günü ABŞ fond bazarlarında ciddi dalğalanmalara səbəb olub.

Prezident Tramp özünün Truth Social sosial şəbəkəsində yaydığı açıqlamada bildirib ki, 2025-ci il iyunun 1-dən etibarən Avropa İttifaqından idxal olunan məhsullara 50%-lik tarif tətbiq edilməsini tövsiyə edir. O, Aİ ilə aparılan danışıqların nəticə vermədiyini və bu səbəbdən rüsumların zəruri olduğunu vurğulayıb. Tramp əlavə edib ki, bu tədbirlər ABŞ-da istehsal olunan məhsullara şamil edilməyəcək.

“Avropa İttifaqının tətbiq etdiyi ticarət baryerləri, vergilər və digər maneələr ABŞ-a qarşı 250 milyard dollardan artıq illik ticarət kəsirinə səbəb olur ki, bu da qəbuledilməzdir,” – deyə Tramp bildirib.

Ağ Evdə jurnalistlərə açıqlama verən Tramp, bu rüsumların gələcək ticarət razılaşması müqabilində ləğv edilməyəcəyini də bəyan edib: “Biz razılaşma bağlamağa çalışmırıq. Sadəcə rüsum tətbiq edirik. Əslində, bu, bizim razılaşmamızdır.”

Prezident həmçinin Apple Inc. şirkətini hədəfə alaraq bildirib ki, ABŞ-da satılan iPhone-lar ölkə daxilində istehsal edilmədiyi halda, onlara ən azı 25% idxal rüsumu tətbiq ediləcək. Tramp bu tələbi Apple CEO-su Tim Kuka dəfələrlə çatdırdığını qeyd edib.

Bəyanatlardan sonra Apple-ın bazar dəyəri 3% azalaraq 3 trilyon dollar həddindən aşağı düşüb. Digər texnologiya nəhəngləri də dəyər itirib: Microsoft və Amazon – 1%, Nvidia – 1,2%, Meta – 1,5%, Alphabet – 1,4%, Tesla – 0,5%.

Bir sıra digər şirkətlər də zəifləmə yaşayıb. Deckers Outdoor-un səhmləri 19,9% düşüb. Warner Bros. Discovery – 0,2%, Citigroup – 0,4%, Disney – 1,3%, Salesforce – 3,6%, Nike – 2,1% azalma qeydə alıb.

Bununla yanaşı, bəzi şirkətlər artım nümayiş etdirib. Intuit Inc. 8,1% dəyər qazanıb, Autodesk Inc. isə gəlir proqnozlarını üstələyərək səhmlərində 0,1% artım görüb.

Birja indeksləri isə belə dəyişib:

  • Dow Jones Industrial Average – 0,61% azalma (41603,07 bənd)

  • SP 500 – 0,67% azalma (5802,82 bənd)

  • Nasdaq Composite – 1% azalma (18737,21 bənd)

Trampın rüsum təklifləri və proteksionist yanaşması qlobal ticarət münasibətlərində gərginliyin artacağına işarə edir.