Son on ildə qlobal kapital bazarlarının həcmi əhəmiyyətli dərəcədə artaraq 300 trilyon ABŞ dollarını keçib.
Finss.az-ın məlumatına görə, bunu Mərkəzi Bankın Baş direktoru Tərlan Rəsulov Bakıda keçirilən Maliyyə İnvestisiya Forumunda bildirib.
O qeyd edib ki, son 14 ilin dinamikasına baxdıqda kapital bazarlarında təxminən 65% artım müşahidə olunub. Qlobal səhmlər bazarının həcmi isə hazırda 105–110 trilyon dollar civarındadır ki, bu da ümumi kapital bazarlarının təxminən üçdə birini təşkil edir.
T.Rəsulov əlavə edib ki, kapital bazarlarının dünya ÜDM-nə nisbəti də artıb: 10 il əvvəl bu nisbət 2,3 dəfə idisə, hazırda təxminən 2,9 dəfədir. Bu isə kapital bazarlarının qlobal iqtisadiyyatda artan əhəmiyyətini göstərir.
O, həmçinin vurğulayıb ki, səhmdar kapitalı vasitəsilə maliyyələşmə korporativ dayanıqlılığı gücləndirir. Məsələn, qlobal maliyyə böhranı və COVID-19 pandemiyası dövründə şirkətlər əlavə olaraq 2,1 trilyon dollar məbləğində səhmdar kapitalı cəlb edə biliblər ki, bu da böhran vaxtı alternativ maliyyə mənbələrinə çıxışı asanlaşdırıb.
Baş direktor əlavə edib ki, korporativ istiqrazların maliyyələşmə vasitəsi kimi rolu artmaqdadır: 2014-cü ildə illik emissiya 1,3 trilyon dollar olduğu halda, 2024-cü ildə bu rəqəm 2,4 trilyon dollara çatıb. Pandemiya dövründə – 2020-ci ildə korporativ istiqraz emissiyası öz pik həddinə çatıb. Bu artımın əsas səbəbləri isə qlobal stimullaşdırıcı tədbirlər və faiz dərəcələrinin aşağı salınmasıdır.
T.Rəsulovun sözlərinə görə, bu tendensiyalar kapital bazarlarının qlobal iqtisadiyyatda artan rolunun və korporativ maliyyələşmənin güclənməsinin göstəricisidir.
Fuad Mədətov
Finss.az