Finss.az – ABŞ fond indeksləri həftənin ilk ticarət gününü cüzi artımla başa vurub.
Moody’s Ratings reytinq agentliyinin ölkənin suveren kredit reytinqini aşağı salması ilə bağlı xəbərlərin bazara təsir etməsinə baxmayaraq, investorlar itkiləri qismən bərpa edə bilib.
Reytinq agentliyi ABŞ-ın uzunmüddətli kredit reytinqini "Aaa" səviyyəsindən bir pillə aşağı – "Aa1"-ə endirib. Moody’s bu qərarı ölkənin artan büdcə kəsiri və dövlət borcu ilə əlaqələndirib. Beləliklə, “böyük üçlük” adlandırılan reytinq agentlikləri arasında Moody’s də ABŞ-a ən yüksək reytinq verən sonuncu qurum statusunu itirib.
ABŞ maliyyə naziri Skott Bessent agentliyin bu qərarını “gecikmiş və qeyri-obyektiv” adlandırıb. Onun sözlərinə görə, prezident Donald Trampın administrasiyası dövründə iqtisadi artımın sürətlənməsi nəticəsində dövlət xərclərinin artımı balanslaşdırılacaq.
Texnologiya nəhənglərinin səhmləri qarışıq nəticələr göstərib. Tesla və Apple-ın səhmləri müvafiq olaraq 2,3% və 1,2% ucuzlaşıb. Digər tərəfdən, Microsoft (1%), Amazon (0,3%), Alphabet (0,2%) və Nvidia (0,1%) kimi şirkətlər artım nümayiş etdirib. Meta-nın səhmləri isə demək olar ki, dəyişməz qalıb (0,01% artım).
Dow Jones indeksinə daxil olan UnitedHealth Group səhmlərində 8,2% artım qeydə alınıb. Merck Co. və Amgen şirkətləri də müvafiq olaraq 1,5% və 1,3% bahalaşıb.
Pərakəndə sektorunda isə Home Depot, Target və Walmart-ın səhmləri ucuzlaşıb. Yalnız Costco Wholesale 0,8% artım nümayiş etdirib.
Avtomobil və enerji sektoru da ümumilikdə mənfi dinamika göstərib. General Motors və Ford Motor-un səhmləri enib, eyni zamanda Chevron və Exxon Mobil də kapitallaşma itkisi ilə üzləşib.
Çip istehsalçıları arasında yalnız Broadcom-un səhmləri artıb (0,9%), digərləri isə dəyər itirib. Enerji şirkəti TXNM Energy Inc.-in səhmlərində 7% artım müşahidə olunub – bu, Blackstone-un şirkəti 11,5 milyard dollara alma planlarını açıqlamasından sonra baş verib.
Novavax Inc. isə 15% artımla diqqət çəkib. Bu, FDA-nın şirkətin “Nuvaxovid” adlı dərman preparatına dair ərizəsini təsdiqləməsi ilə əlaqədardır.
Bazar gününün yekununda indekslər aşağıdakı kimi dəyişib:
-
Dow Jones Industrial Average: +0,32% (42792,07 bənd)
-
SP 500: +0,09% (5963,6 bənd)
-
Nasdaq Composite: +0,02% (19215,46 bənd)